Kimlər pensiya kapitalından vaxtından əvvəl istifadə edə bilər?-Ekspert açıqladı

Tarix: 22:36 25.02.2025
Azərbaycanda pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsi müzakirə olunan məsələlər sırasındadır. Mövcud qanunvericiliyə əsasən, vətəndaşlar yalnız pensiya yaşı tamamlandıqda bu vəsaitdən yararlana bilirlər. İqtisadçı Vüqar Bayramov "informator.az" a açıqlamasında pensiya kapitalından vaxtından əvvəl istifadə imkanları ilə bağlı fikirlərini bölüşüb.
Mütəxəssisin sözlərinə görə, pensiya kapitalından istifadə məsələsi ölkədə müzakirə olunan mövzulardan biridir:
"Bu mövzu 2025-ci ilin dövlət büdcəsi müzakirələri zamanı Milli Məclisə təqdim olunan təkliflər sırasında da yer alıb".
Vüqar Bayramov bildirib ki, Sinqapur və ABŞ-da tətbiq edilən modelə uyğun olaraq, pensiya kapitalının bir hissəsinin pensiyaçı statusu qazanmadan istifadə edilməsinə imkan yaradılması təklif edilib. Onun sözlərinə görə, ABŞ-da minimum və orta pensiya kapitalı anlayışları mövcuddur və müəyyən həddən artıq kapitala sahib olan şəxslər öz pensiya vəsaitlərindən vaxtından əvvəl faydalana bilirlər.
Ekspert hesab edir ki, oxşar praktikanın Azərbaycanda tətbiqi məqsədəuyğun olar:
"Belə bir mexanizmin yaradılması vətəndaşların pensiya kapitalının səmərəli istifadəsinə şərait yarada, həmçinin yığım prosesinə marağı artıra bilər".
Bayramovun sözlərinə görə, bu sistem çərçivəsində pensiya kapitalının bir hissəsinin kredit borcunun ödənilməsi, təhsil və səhiyyə xərcləri üçün istifadə edilməsi mümkün ola bilər:
" Bununla yanaşı, belə bir addım rəsmi məşğulluğun artırılması və qeyri-rəsmi məşğulluğun payının azaldılması baxımından da vacib hesab edilir".
Məsələ ilə bağlı maliyyə qiymətləndirmələrinin aparılmasının və uyğun qərarların verilməsinin vacibliyini vurğulayan ekspert, pensiya kapitalının bir hissəsinin istehlaka yönləndirilməsinin sosial və iqtisadi baxımdan müsbət təsirlər yaradacağını qeyd edib.
Nərgiz Orucova