Süni intellekt və avtomatlaşdırma-Gələcəyin peşə bazarına təsiri

Bölmə: ,
Tarix: 22:26 25.02.2025

Süni intellekt və avtomatlaşdırma texnologiyaları iş dünyasında yeni dövrün başlanğıcını qoyur. Bəzi peşələr üçün risklər artsa da, texnologiya insan əməyini tam əvəz etmək yox, onu daha effektiv və təhlükəsiz hala gətirmək məqsədi daşıyır. Bəs süni intellekt insan əmək bazarına necə təsir göstərəcək?

Mövzu ilə bağlı "informator.az"a danışan İT mütəxəsisi Elvin Abbasov bildirib ki, yeni nəsil texnologiyalar artıq həm dövlət qurumlarında, həm də özəl sektorda geniş istifadə olunur:

 

"Dünyada olduğu kimi, Azərbaycanda da bu istiqamətdə ciddi fəaliyyətlər həyata keçirilir. Dördüncü sənaye inqilabının əsas motivlərindən olan süni intellekt, robot texnikası, avtomatika və digər texnologiyalar insan əməyini daha səmərəli və məhsuldar etmək məqsədi daşıyır. Süni intellekt bütün alqoritmləri dəqiq hesablamalarla analiz edərək lazımi nəticələri daha səmərəli və sürətli şəkildə təqdim edir. Hazırda süni intellektin ən effektiv tətbiq sahələrindən biri tərcüməçilik olsa da, beynəlxalq araşdırmalar göstərir ki, hələ də peşəkar tərcüməçilərə geniş miqyasda ehtiyac var. Bu da onu göstərir ki, süni intellekt gələcəkdə bir çox peşələri əvəz edə bilsə də, insan faktorunu tamamilə aradan qaldırmayacaq. Əksinə, o, daha çox insan üçün təhlükəli və ağır işlərdə robotların işləməsinə şərait yaradacaq. Məsələn, zərərli və ağır iş şəraitində, yeraltı qazıntılarda, qızıl və kömür mədənlərində, neft hasilatında robot texnologiyalarından istifadə mümkündür. Bundan əlavə, süni intellektin qərarvermə mexanizmlərində tətbiqi də mümkündür. İnsan bəzən səhv edə bilər, lakin süni intellekt əsaslı alqoritmlərlə işlədiyi üçün səhv ehtimalı daha azdır və bu, daha məhsuldar nəticələr əldə etməyə imkan yaradır. Tarix boyu sənaye inqilabları yeni texnologiyalarla bir çox peşələri əvəz edib və insan üçün yeni iş imkanları yaradıb. Birinci sənaye inqilabında əl əməyini motorlu alətlər əvəz etdi, ikinci sənaye inqilabında elektronikanın inkişafı fabriklərdə avtomatlaşdırmanı artırdı, üçüncü sənaye inqilabı isə rəqəmsallaşmanı və informasiya texnologiyalarını həyatımıza gətirdi. Dördüncü sənaye inqilabı isə süni intellekt və robot texnikasının birgə tətbiqi ilə fərqlənir.

 

Hazırda cəmiyyətdə əvvəlki sənaye inqilablarında olduğu kimi işini itirmək qorxusu var. Lakin tarix göstərir ki, texnologiyanın inkişafı insanları işsiz qoymaq əvəzinə, onları daha yeni və daha yüksək ixtisas tələb edən peşələrlə təmin edib. Süni intellekt insan üçün səmərəli bir alətdir və bəzi sahələrdə insan beynindən daha sürətli hesablama apara bilir. Onun köməyi ilə biz məlumatları daha tez emal edir, daha dəqiq nəticələr əldə edirik. Süni intellekt ağır və rutin işləri üzərimizdən götürsə də, bunun əvəzinə insanlıq üçün yeni və daha yüksək səviyyəli mühəndislik və texnoloji peşələr yaranacaq. Bu da insanların daha rahat və təhlükəsiz iş mühiti əldə etməsinə imkan yaradacaq”.

 

Mehriban Nəsibova