Cənubi Qafqazda geosiyasi reallıqlar və Azərbaycanın yüksələn rolu

Tarix: 21:54 28.02.2025
Son illərdə Cənubi Qafqaz mühüm geosiyasi dəyişikliklərin şahidi olub. 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə və ərazi bütövlüyünü bərpa etməsi regionda güc balansını köklü şəkildə dəyişdirdi. Hərbi zəfərdən sonra Azərbaycan yalnız hərbi deyil, həm də iqtisadi və diplomatik sahələrdə mövqeyini gücləndirərək Cənubi Qafqazın aparıcı aktoruna çevrildi. Bu proses ölkəmizin beynəlxalq siyasətdəki rolunu yeni mərhələyə çıxardı.
Vətən müharibəsindən sonra Azərbaycan öz hərbi gücünü daha da artırmaq üçün ciddi addımlar atıb. Müdafiə sənayesinin inkişaf etdirilməsi və yüksək texnologiyalı silah sistemlərinin istehsalı Azərbaycanın müstəqil hərbi potensialını artıraraq ölkəni regional gücə çevirib. Xüsusilə pilotsuz uçuş aparatlarının (PUA) yerli istehsalının genişlənməsi Azərbaycanın hərbi üstünlüyünü daha da möhkəmləndirib. Azərbaycanın Türkiyə və İsraillə hərbi əməkdaşlığı genişlənərək, birgə təlimlər və texnoloji transferlər vasitəsilə ordunun modernləşdirilməsinə yönəlib. Bundan əlavə olaraq, Azərbaycan Pakistan və digər ölkələrlə də hərbi əməkdaşlığını genişləndirərək strateji imkanlarını artırır. Bu proses Azərbaycanın müdafiə sənayesində idxaldan asılılığını azaltmaqla yanaşı, ölkənin hərbi-texniki potensialını da yüksəldir.
Azərbaycanın iqtisadi gücü əsasən enerji ehtiyatları üzərində qurulub və son illərdə bu sahədə ölkənin beynəlxalq əhəmiyyəti daha da artıb. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropa Azərbaycanın təbii qazını alternativ enerji mənbəyi kimi qəbul edərək ölkənin strateji rolunu gücləndirib. TANAP və TAP kimi layihələr Azərbaycanın enerji sahəsindəki təsirini artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində mühüm faktor kimi çıxış etməsinə şərait yaradır. Bununla yanaşı, Azərbaycan qeyri-neft sektoruna yatırımlarını artıraraq müdafiə sənayesi, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələrində inkişaf strategiyasını da gücləndirir. Bu yanaşma ölkənin iqtisadi dayanıqlılığını artıraraq Azərbaycanın regional liderliyini yalnız enerji sektoru ilə məhdudlaşdırmadan möhkəmləndirməsinə imkan yaradır.
Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsini təmin etməklə yanaşı, Orta Dəhliz layihəsinin tərkib hissəsi kimi Çin, Orta Asiya və Avropanı birləşdirən mühüm ticarət yoluna çevriləcək. Azərbaycanın tranzit ölkə kimi rolu artacaq və bu, regionun iqtisadi və siyasi mənzərəsinə ciddi təsir göstərəcək. Türkiyə Zəngəzur dəhlizini türk dünyasını birləşdirən əsas iqtisadi və geosiyasi platforma kimi qiymətləndirir və onun açılmasını strateji prioritet hesab edir. Rusiya isə bu dəhlizə ehtiyatla yanaşır. Bir tərəfdən, Moskva regionda nəzarəti əlində saxlamaq istəyir, digər tərəfdən isə Zəngəzur dəhlizinin açılması Ermənistan üzərindəki təsir imkanlarını zəiflədə bilər.
İran bu layihəyə açıq şəkildə qarşı çıxır, çünki Azərbaycanın geosiyasi çəkisinin artması və türk dünyasının Cənubi Qafqazda güclənməsi Tehran üçün strateji təhdid kimi qiymətləndirilir. İran həmçinin Zəngəzur dəhlizinin açılmasını özünün Ermənistan üzərindəki təsirini zəiflədən faktor kimi görür və bu prosesin qarşısını almaq üçün ciddi cəhdlə çalışmaqda davam edir. Bunun əksinə olaraq, Avropa və Çin bu dəhlizi yeni ticarət yollarının açılması və enerji tranziti baxımından mühüm hesab edirlər. Xüsusilə Çin “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin inkişafını strateji əhəmiyyətli layihə kimi görür.
Rusiya 2020-ci ildən sonra Cənubi Qafqazda təsirini qorumağa çalışır, lakin Rusiya-Ukrayna müharibəsi səbəbindən gücünü tam şəkildə bu regiona yönəldə bilmir. Moskvanın əsas rıçaqları sülhməramlı missiyası və Ermənistana təsiridir. Bununla belə, Azərbaycanın Rusiyadan hərbi və iqtisadi asılılığını azaltması və Qərblə əməkdaşlığını gücləndirməsi Moskvanın manevr imkanlarını məhdudlaşdırır. İran isə Azərbaycanın güclənməsindən və Türkiyə ilə strateji yaxınlaşmasından narahatdır. Xüsusilə Zəngəzur dəhlizinin açılması İranın Ermənistanla əlaqələrini zəiflədə və Cənubi Azərbaycan faktorunu ön plana çıxara bilər.
Türkiyə Cənubi Qafqazda Azərbaycan vasitəsilə təsirini artırmağa çalışır. Türkiyə Azərbaycan ilə hərbi və iqtisadi sahədə sıx əməkdaşlıq edir və Türk Dövlətləri Təşkilatını gücləndirməklə türk dünyasının inteqrasiyasını sürətləndirməyə çalışır. Qərblə münasibətlər enerji və təhlükəsizlik sahələrində möhkəmlənir. Azərbaycan Avropaya enerji tədarükünü artıraraq Qərbdə etibarlı tərəfdaş imici formalaşdırır. Rusiya ilə münasibətlər müttəfiqlik sazişi çərçivəsində davam edir, lakin Bakı Moskva ilə əlaqələrini tarazlaşdırmaq üçün alternativ tərəfdaşlarla əməkdaşlığı artırır. Çinlə münasibətlər isə əsasən ticarət və nəqliyyat-logistika sahələrində inkişaf edir.
Onu da vurğulamaq gərəkdir ki, Azərbaycanın regional liderlik strategiyası çoxşaxəli və çevik siyasətə əsaslanır. Ölkə Orta Asiya, Cənubi Qafqaz və beynəlxalq təşkilatlar çərçivəsində təsir dairəsini genişləndirərək enerji, nəqliyyat, təhlükəsizlik və diplomatiya sahələrində əhəmiyyətini gücləndirir. Azərbaycan həm iqtisadi, həm də hərbi gücünü artırmaqla Cənubi Qafqazda dominant aktor kimi mövqeyini möhkəmləndirir və regional sabitliyin təminatçılarından birinə çevrilir.
Bu strategiya Azərbaycanın gələcəkdə kifayət qədər geniş geosiyasi və iqtisadi rol oynamasına imkan yaradır, onu yalnız Cənubi Qafqazda deyil, həm də Avrasiya məkanında əsas aktorlardan birinə çevirir.
Azərbaycanın hərbi və iqtisadi gücünün artması, strateji layihələrin həyata keçirilməsi və balans siyasəti regionda ölkənin mövqeyini gücləndirməsinə səbəb olub. Zəngəzur dəhlizi və digər mühüm geosiyasi dəyişikliklərin baş verməsi isə Azərbaycanın gələcəkdə daha böyük güc sahibinə çevriləcəyini göstərir.
Aytac Bəhruzqızı