Qələm və kamera ilə yazılan qəhrəmanlıq salnaməsi

Bölmə: Sosial › ,
Tarix: 21:46 28.02.2025

Qələm və kamera ilə yazılan qəhrəmanlıq salnaməsi: Çingiz Mustafayev və Salatın Əsgərova.

 

Vətən torpağı qanla yoğrulubsa, onu azad etmək üçün qurbanlar qaçılmazdır. Azərbaycan torpaqları işğala məruz qalanda bu vətənin övladları müxtəlif yollarla mübarizəyə qalxdı. Bəziləri silaha sarıldı, bəziləri isə qələm və kamerasını silaha çevirib həqiqətləri dünyaya çatdırdı. Çingiz və Salatın da qələm və kameraları ilə mübarizə aparan qəhrəmanlardan idilər. Onlar sözün əsl mənasında öz qələm və kameraları ilə Azərbaycanın haqq mübarizəsini tarixin yaddaşına həkk etdilər və bu yolda şəhid olaraq xalqımızın yaddaşında əbədi yer qazandılar.

 

Çingiz Mustafayev:

 

   Hər millətin taleyində elə insanlar olur ki, onların adı zamanın sərt sınaqlarından keçir, əbədi olaraq tarixə yazılır. Çingiz Mustafayev məhz belə insanlardan biri idi. O, kamerasını silaha, qələmini vicdanın səsinə çevirən bir qəhrəman olub. Qarabağın qanlı savaşında, ölümün gözlərinə baxaraq Azərbaycan həqiqətlərini dünyaya çatdıran bu cəsur insan ömrü boyu haqsızlığa qarşı savaş açdı və bu savaşda öz həyatını fəda etdi. Ümumiyyətlə Çingiz "bir jurnalist necə olmalıdır?" sualının haqsızlıqlara susmaması, yalnız doğruları deməsi və yazması, qəhrəmancasına vətənin keşiyində durması ilə canlı cavabı olub. 

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Kapustin Yar kəndində hərbçi ailəsində anadan olan Çingiz, 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. 1977-ci ildə 167 saylı orta məktəbi bitirdikdən sonra, Azərbaycan Tibb İnstitutuna daxil olub və 1983-cü ildə məzun olub. Tibb sahəsində çalışsa da, onun qəlbi jurnalistika ilə döyünürdü. Ailəsi onu sədaqətli, vətənpərvər ruhda böyüdüb. İlk baxışdan sakit görünən bu gəncin ruhunda sanki həqiqət və ədalət uğrunda alovlanan bir mübarizə vardı.

Tibb təhsili alsa da, onun taleyi fərqli idi. Çingiz tibbə deyil, insanlara həqiqətləri çatdırmaq üçün media dünyasına addım atdı. Məhz bu seçim onun həyatının dönüm nöqtəsi oldu.

Çingiz jurnalistikanı yalnız bir peşə kimi görmürdü, onun üçün jurnalistika haqqın, ədalətin və insanlığın səsi olmaq idi.

 

Çingiz və Salatın haqqda danışmağa davam edəcəm. Ancaq gəlin bir az vətənin qanlı, amma şərəfli tarixindən danışaq.

 

   Qarabağ… Bu ad hər bir azərbaycanlının ürəyində həm yaradır, həm də ümid. Bu torpağın dağlarında gah şahanə azadlıq küləyi əsdi, gah da qanlı müharibələrin tozu dumana qarışdı. Qarabağ müharibəsi – Azərbaycan xalqının qanla, göz yaşı ilə yazdığı bir dastandır.

 

1988-ci ildən başlayan Qarabağ problemi, sovet rejiminin zəifləməsi ilə daha da dərinləşdi. Ermənilər Azərbaycan torpaqlarına iddialarını irəli sürərək, Qarabağı zorla ələ keçirmək istədilər. Xalqımız isə bu haqsızlığa boyun əymədi. Hər bir kənddə, hər bir evdə savaş hazırlığı başladı. Silahlı əsgərlərin sıralarında həm təcrübəli döyüşçülər, həm də 17 yaşlı gənclər dayanırdı. Onların gözlərində qorxu yox, vətən eşqi var idi.

 Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımı oldu. Fevralın qarlı gecəsində erməni silahlı dəstələri bir şəhəri qana bürüdü. Körpələrin qışqırığı, anaların fəryadı sanki dağların sükutunu yardı. Bütün dünya susdu, amma Xocalı şəhidləri susmadı. Onların qanı Qarabağın torpağına hopdu, Vətənə can oldu, şərəf oldu.

Çingiz bu soyqırımın şahidi olan insanlarla yanaşı, faciənin dəhşətini də kameraya aldı. Onun çəkdiyi görüntülərdə donan insanlar, süngülənən uşaqlar, analarının qucağında can verən körpələr görünürdü. Bu kadrlar yalnız Azərbaycanın deyil, bəşəriyyətin ürəyinə sancılan bir qılınc idi. 

 

“Baxın, görün! Bu qətlin qarşısında necə susa bilərsiniz?” Çingiz olanların heç birini həzm edə bilmirdi.

  Döyüş meydanlarında o, həmişə ən təhlükəli yerləri seçərdi. Çünki onun üçün təhlükədən qaçmaq yox, həqiqəti qorumaq önəmli idi. Çingiz ölümə bir neçə addımlıqda olsa belə, kameranı əlindən buraxmadı. Onun çəkdiyi hər kadr, sanki tarixə vurulan möhür idi. O bilirdi ki, bu müharibənin hər saniyəsi tarixə yazılmalı, dünyaya duyurulmalı idi.

 

Vətənin unudulmaz

Qəhrəman Çingizi var.

Yaşayır ürəklərdə 

Onun keçdiyi yollar.

Yurdumuz çağıranda 

Oğultək and içib o.

Qarabağa yollanıb, 

Öz canından keçib o!

 

Salatın Əsgərova – qəlbi vətənlə döyünən qadın qəhrəman. Onun həyatı göstərir ki, həqiqət uğrunda verilən canlar heç vaxt unudulmur və bu amal uğrunda ölənlər əbədi yaşayır.

Bu gün onun keçdiyi yol bizim üçün bir dərsdir: həqiqət heç vaxt susmamalıdır. Salatın, qələmi ilə Qarabağın ağrısını, şəhidlərin fəryadını dünyaya çatdırdı. 

Salatın Əsgərova 1961-ci ildə Bakıda dünyaya göz açdı. Erkən yaşlarından zəkası və cəsarəti ilə fərqlənirdi. Təhsilini jurnalistika sahəsində davam etdirdi. O da həqiqət axtarışında idi. 

Qarabağ müharibəsinin başladığı illərdə o, qələmini sadəcə bir yazı əşyası kimi deyil, haqqı dünyaya çatdıran bir silah kimi istifadə etdi. Hər bir məqaləsində, hər bir reportajında Azərbaycan xalqının fəryadını, Qarabağın qanlı günlərini dünyaya çatdırmağa çalışırdı.

1991-ci il… Qarabağın od tutub yandığı, anaların göz yaşlarının torpağı islatdığı günlərdən biri idi. Salatın bu hadisələrin mərkəzinə yollanmaq qərarına gəldi. Onun məqsədi yalnız xəbər çatdırmaq deyil, həm də xalqın ağrısını bütün dünyaya duyurmaq idi. Qadın olmasına baxmayaraq, o, döyüş meydanlarının təhlükəsindən çəkinmir, hər dəfə daha irəli gedirdi. Çünki Salatın üçün həqiqət öndə, qorxu isə arxa planda idi.

1991-ci ilin yanvarında Salatın Laçına yola düşdü. Bu, onun son səfəri oldu. Erməni silahlıları onun maşınına pusqu qurdular. Salatının ölüm xəbəri yalnız bir ailəni yox, bütün Azərbaycan xalqını yasa boğdu. Amma onun ölümü sadəcə bir jurnalistin itkisi deyildi – bu, haqqın müdafiəsi uğrunda canını fəda edən bir qəhrəmanın tarixə yazılması idi.

 

Vətənin unudulmaz

Mərd qızıdır Salatın

Günəşin də, Ayın da

Bacısıdır Salatın.

Ən ağır döyüşlərdə 

Cəbhələrə girib o.

Bizdən ötrü qələmi

Süngüyə çevirib o.

 

Çingiz və Salatının həyatı bizə göstərdi ki, həqiqət uğrunda mübarizə bəzən insanın öz həyatını fəda etməsini tələb edir. Ancaq həqiqət bu fədakarlıqla əbədi olur.

 Bu gün Çingiz və Salatının adı yalnız tarix kitablarında deyil, hər bir ləyaqətli azərbaycanlının qəlbində yaşayır. Onların çəkdiyi görüntülər və yazdığı tarix yalnız keçmişi deyil, gələcəyi də işıqlandırır.

Onların həyat hekayəsi göstərir ki, torpaq uğrunda döyüşən əsgərlər olduğu kimi, həqiqət uğrunda döyüşən qəhrəmanlar da var. Çingiz və Salatın həmin qəhrəmanlardan idilər. Onlar bu xalqın qəlbində daim yaşayacaq. Çünki onların hər biri ana yurdu Azərbaycan uğrunda öz canlarından keçdilər.

 

 Azərbaycan – Qafqazın incisi

 

Bu diyarın hər qarışı tarixlə nəfəs alır, hər dağı, çayı bir dastan danışır.

Neçə illər çar əsarətində qaldı, ikiyə bölündü, çar devrildi, ancaq çarın əvəzinə qurulacaq sovet rejimində də Azərbaycan xalqının müstəqilliyinə yer yox idi. Cənubi Qafqaz siyasi xəritəsindən tamamilə silinəcəkdi, ancaq xalq bu qanlı girdabdan qurtuldu. Şanlı vətən övladları Cümhuriyyət qurdu, ancaq o da çox çəkmədi, nəhayət, 71 il Sovet əsarətində qalan xalq azadlıq meydanında azadlıq arzusunu dilə gətirdi, müstəqil oldu. Lakin yenə də bəlalı buludlar vətənin başının üstündən əskik olmadı. Qarabağda törədilən faciələr, torpaqların itirilməsi.. Ancaq şanlı vətənin qəhrəman övladları 30 il sonra Ali Baş Komandanın göstərişləri ilə qisasımızı aldı. Dəfələrlə bayrağınızı endirməyə çalışdılar, ancaq bacara bilmədilər, bilməyəcəklər də! Nə deyib ilk qurucu qəhrəman:

 

Bir kərə yüksələn bir daha enməz!”

 

Fatimə Şahverdiyeva