İnformasiya müharibəsi-Müasir dövrün yeni savaş sahəsi

Bölmə: Siyasət › ,
Tarix: 22:06 28.02.2025

İnformasiya müharibəsi, dövlətlər, təşkilatlar və ya fərdlər arasında məlumatın idarə olunması, yayılması və manipulyasiyası yolu ilə rəqiblərə qarşı üstünlük əldə etmə məqsədi güdən mübarizə formasını ifadə edir. İnformasiya müharibəsinin əsas məqsədi, hərbi və siyasi məqsədlərə çatmaq üçün məlumatın idarə edilməsi və istifadə edilməsidir.

 

Bu, həmçinin internet, sosial şəbəkələr, kütləvi informasiya vasitələri və digər rəqəmsal platformalar üzərindən həyata keçirilə bilər. " İnformasiya müharibəsi" termini XX əsrin 80-ci illərinin ortalarında ABŞ hərbi nəzəriyyəçilərinin tədqiqat işlərində özünü büruzə verməyə başlamış və 1991-ci ildə keçirilmiş "Səhrada tufan" əməliyyatından sonra geniş tətbiq edilməyə başlanıb. Bəzi tədqiqatçılar artıq "üçüncü informasiya-psixoloji dünya müharibəsinin" getdiyini söyləyirlər. Bu müharibənin ən mühüm xüsusiyyətlərindən biri, dezinformasiya və yalan məlumatların yayılmasıdır. Rəqib ölkə və ya təşkilatlara qarşı məqsədli şəkildə səhv və yanlış məlumatların yayıldığı bir mübarizə növüdür. Məsələn, siyasi qərarları təsir etmək, xalqı qorxu içində saxlamaq və ya düşmənin infrastrukturunu zəiflətmək üçün bu taktikalardan istifadə edilir. İnformasiya müharibəsi bəzən sosial şəbəkələrdə və internet üzərindən daha geniş kütlələrə yayılır. Digər vacib xüsusiyyət, psixoloji təsirdir. İnsanların düşüncə və davranışlarını yönləndirmək üçün informasiya manipulyasiya edilir. Cəmiyyətin düşüncə tərzini dəyişdirmək və müəyyən emosiyalar üzərində hakimiyyət qurmaq məqsədilə məlumatlar istifadə olunur. Cəmiyyətin ruh halını dəyişdirmək, həmçinin düşmənin əhalisini qorxuya salmaq və ya onları bir-birinə qarşı qoymaq informasiya müharibəsinin effektiv yollarından biridir. Həmin müharibə müxtəlif taktikalarla həyata keçirilir. 1. Hibrid müharibə: Hibrid müharibə, silahlı mübarizə ilə yanaşı, iqtisadi, siyasi və sosial vasitələrin qarışığı ilə həyata keçirilən mübarizədir.

 

Burada informasiya müharibəsi, düşmənin məlumat sistemlərini və kommunikasiya kanallarını hədəf alır. Kibernetik hücumlar və digər texnologiyalar vasitəsilə rəqibin məlumat infrastrukturuna müdaxilə edilir. Bu yanaşma, qarşı tərəfin informasiya sistemlərini və strateji mövqeyini zəiflətməyə yönəldilib.

2. Sosial şəbəkələr və internet: Sosial media platformaları, məlumatın sürətlə yayılmasını təmin edir və eyni zamanda məlumatların təhrif olunması və manipulyasiya edilməsi üçün geniş imkanlar yaradır. Bu sahədə "botlar" və "trollar" müasir informasiya müharibəsinin əsas vasitələri kimi istifadə olunur. Bu platformalar üzərindən cəmiyyətin fikir və mövqeyini dəyişdirmək, yeni sosial hərəkatlar yaratmaq mümkündür.
3. Kibernetik hücumlar: İnformasiya müharibəsində kibernetik hücumlar, dövlətlərin və təşkilatların məlumat sistemlərinə, iqtisadi infrastrukturlarına və mərkəzi idarəetmə sistemlərinə qarşı edilən zərbələrdir. Bu hücumlar, həmçinin rəqibin iqtisadiyyatını zəiflətmək, daxili sabitliyi pozmaq və strateji mülki infrastrukturu hədəf almaq məqsədini güdür.

 

İnformasiya müharibəsinin strateji əhəmiyyəti nədir?

 

İnformasiya müharibəsinin strateji əhəmiyyəti, müasir dövrün geosiyasi mübarizələrində oynadığı roldan irəli gəlir. İnformasiya artıq yalnız kütləvi kommunikasiya vasitələrinin mövqeyini deyil, həm də dövlətlərin və təşkilatların dünya miqyasında mövqelərini təyin edir. Dövlətlər və təşkilatlar informasiya müharibəsi vasitəsilə həm daxili, həm də beynəlxalq müstəvidə üstünlük əldə etməyə çalışırlar. İnformasiya müharibəsi, xüsusilə diplomatik və iqtisadi sahələrdə böyük təsirə malikdir. Bir dövlət, informasiya müharibəsi yolu ilə rəqib ölkənin nüfuzunu zədələyə bilər. Məsələn, bir ölkə, digər ölkədəki korrupsiya və insan haqları pozuntuları barədə məlumatları yayıb beynəlxalq ictimaiyyəti həmin ölkəyə qarşı təzyiq göstərməyə yönləndirə bilər. Eyni zamanda, iqtisadi sahədə də informasiya müharibəsi vasitəsilə rəqibin bazarlarını zəiflətmək və ya maliyyə sistemini təsir altına almaq mümkündür. İnformasiya müharibəsinin digər mühüm istiqamətlərindən biri də sosial qarşıdurmaların və hərəkatların yaradılmasıdır. İnformasiya müharibəsi, sosial şəbəkələr və digər platformalar vasitəsilə cəmiyyətin müxtəlif təbəqələri arasında qarşıdurmalar yaratmaq və ya mövcud qarşıdurmaları dərinləşdirmək məqsədini güdə bilər. Bu yanaşma, xüsusilə daxili etirazların və siyasi dəyişikliklərin təşviqində mühüm rol oynayır.

 

Dövlətlər, təşkilatlar və cəmiyyətlər bu yeni müharibə sahəsində uğur qazanmaq üçün daha çevik, hazırlıqlı və innovativ olmalıdırlar. Gələcəkdə informasiya müharibəsinin daha da dərinləşməsi və dövlətlərin bu müharibə sahəsində strateji üstünlük əldə etməyə çalışması gözlənilir.

 

Baxışova Röya