Oruc Tutarkən Sağlamlığı Qorumağın Əhəmiyyəti

Bölmə: Maraqlı › ,
Tarix: 22:15 28.02.2025

Oruc İslam dininin beş əsas ibadətindən biridir və Ramazan ayında, həmçinin müxtəlif hallarda tutulur. Oruc, müəyyən bir müddət ərzində, gündüz vaxtı yemək, içmək və digər bəzi fiziki ehtiyaclardan çəkinmək məqsədilə yerinə yetirilən ibadətdir. 

 

Ramazan ayı ilə əlaqədar olaraq, insanlar oruc tuturlar və bu zaman onların gündəlik su, duz və digər mikroelementlərə olan tələbatı dəyişir.

 

Mövzu ilə bağlı həkim Şahvələd Məmmədov "informator.az"a açıqlamasında  orucluğun müəyyən müddətləri – imsakdan iftara qədər olan zaman kəsiyinin bəzi insanlar üçün, xüsusilə yaşlı və zəif bədən quruluşuna sahib olanlar üçün çətinlik yarada biləcəyini qeyd edib.

 

"Uzun müddət su içməmək və mikroelementləri kifayət qədər qəbul etməmək ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Yaşlı şəxslər və yüngül xroniki xəstəlikləri olan insanlar oruc tutmağı davam etdirə bilərlər, amma onların sağlamlığı diqqətlə izlənilməlidir. Məsələn, şəkərli diabet, hipertoniya və ürək-damar xəstəlikləri olan şəxslərin gündəlik dərmanlarını qəbul etmələri vacibdir. Bu səbəbdən, belə xəstəlikləri olan şəxslər mütləq həkimlə məsləhətləşməlidir". 

 

Həkim, eyni zamanda qeyd edib ki, bundan əlavə, imsak və iftar vaxtlarında ağır və yağlı qidalardan, xüsusilə qızardılmış yeməklərdən çəkinmək lazımdır:

 

"Bu cür qidalar mədənin ağırlaşmasına və həzm problemlərinə yol aça bilər. Bunun əvəzinə, yüngül, asan həzm olunan qidalara üstünlük verilməlidir. Orucluq zamanı ən azı iki litr su içmək lazımdır, çünki su balansının pozulması orqanizmdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Su içmək həm də bədənə lazımi mineralları təmin edir və orqanizmin susuz qalmasının qarşısını alır".

 

Ümumiyyətlə, oruc tutarkən sağlamlığı qorumaq üçün balanslı və diqqətli bir qidalanma rejimi izləmək çox önəmlidir. Bu, həm oruc tutanların, həm də sağlamlıq problemi yaşayanların düzgün şəkildə oruc tutmalarını təmin edəcəkdir.

 

Çinarə Tarverdiyeva