“Tarixi binaların tarixinə toxunulmamalıdır”

Tarix: 23:29 14.03.2025
Tarixi binaların qorunması və müasir istifadəsi ilə bağlı memar Cahid Həsənov “informator.az”a danışıb. O bildirib ki, bu cür tikililər cəmiyyət üçün yazılmamış qanunlarla əvəzolunmaz töhfə verir və hər bir ölkənin sivilizasiya səviyyəsini əks etdirən əsas nümunələrdən sayılır:
“Bir ölkənin mədəniyyətinin, sivilizasiyasının qədim olduğunu göstərən əsas nümunə məhz onun tarixi binalarıdır. Bir turist yazılı bir tarixi kitabı almağa bilər, amma gəldiyi şəhərdə ilk olaraq tarixi binaları, memarlığı görəcək. Ona görə də bu abidələrin qorunması son dərəcə vacibdir”.
Onun sözlərinə görə, tarixi binaların üzərində hər hansı əlavə yamaqlar edilməməli, damlarına mansarlar artırılmamalıdır. Xüsusilə, bu tikililərin birinci mərtəbələrində reklam plakatlarının vurulması ciddi problemlər yaradır:
“Bu cür müdaxilələr, həm tarixi abidənin vizual görünüşünü korlayır, həm də onun zədələnməsinə səbəb olur. Əsas odur ki, bu binaların tarixinə toxunulmasın, interyerinə əlavə müdaxilələr edilməsin. Elə turistlər var ki, səyahət edərkən məhz klassik məkanlarda qalmaq istəyir. Buna görə də tarixi binaların otel və ya restoran kimi istifadə olunmasının heç bir problemi yoxdur. Əsas məsələ onların görünüşünə və tarixiliyinə xələl gətirilməməsidir”.
Asiya Zeynallı