"Kütləvi psixoz" nədir?

Bölmə: Sosial › ,
Tarix: 22:55 17.03.2025

Kütləvi psixoz, geniş bir əhali qrupunun kollektiv şüurunda baş verən ciddi dəyişikliklərdən biridir. Bu vəziyyət insanların davranışlarının və inanclarının kütləvi şəkildə dəyişməsinə, real vəziyyəti düzgün qiymətləndirmək qabiliyyətinin pozulmasına səbəb olur. Kütləvi psixoz sosial, siyasi və iqtisadi təsirlərdən yaranaraq panika halları, ideologiya dəyişiklikləri və sosial təlatümlərə səbəb ola bilər.

 

Bu mövzu ilə bağlı psixoloq Fatimə Hacıyeva "informator.az"a açıqlamasında bildirib ki, kütləvi psixoz geniş insan qruplarının düşüncə və davranışlarında əhəmiyyətli dəyişikliklərə səbəb olur:

 

"Məsələn, burada fərdlər rasional düşüncələrdən tamamilə uzaqlaşır, həmçinin impulsiv davranışlar sərgiləyə bilirlər. Konsertlərdə, xüsusilə xanım müğənnilərin konsertlərində əsasən gənclər həddindən artıq reaksiya göstərirlər: ağlamaq, qışqırmaq, saçlarını yolmaq, huşun itirilməsi kimi hallar baş verir. Bunları kütləvi psixozun əsas nümunəsi kimi göstərə bilərik. Ümumiyyətlə, kütləvi psixoz hallarının qarşısının alınması və idarə edilməsi üçün cəmiyyət səviyyəsində tədbirlər mövcuddur.

Fərdi psixoloji müdaxilələr çox vacibdir ki, bu da kütləvi psixoz hallarının təsirini azaltsın. Kütləvi psixozun yaranmasında əsas rol oynayan sosial və psixoloji amillər haqqında danışsaq, ilk olaraq sosial amilləri qeyd edə bilərik: məlumatın sürətlə yayılması. Müasir dövrümüzdə sosial media vasitələri çox sürətlə yayılır və bu da kütləvi şəkildə bir inanca qapılmağa səbəb ola bilir. Həmçinin sosial təsir – bir qrup insan müəyyən bir inanca sahibdirsə, fərdlər bu inanca daha tez şəkildə meyil edə bilərlər.

Psixoloji amillərə qorxu və narahatlıq daxildir. Bilinməyənə qarşı reaksiya, naməlum və ümumiyyətlə anlaşılmaz vəziyyətdə insanlar müəyyən şayiələrə daha tez inanır, əsassız inanclara, kökünü axtarmadan, inanırlar. Bu halda insanların davranışları əhəmiyyətli dərəcədə dəyişə bilər".

 

Müsahibimizin sözlərinə görə, panika alış-verişi yarana bilər. Fəlakət və ya böhran zamanı, məsələn, COVID-19 pandemiyası zamanı əlavə qidaya ehtiyac olmadığı halda, insanlar panika içində artıq ehtiyacı olmayan məhsulları da almağa meyil edirdilər:

 

 

"Kütləvi psixozun təsiri ilə belə fikirlər yaranır ki, heç nə qalmayacaq, hər şey tükənəcək və s.

Şayiələr yayılarsa, məsələn, doğruluğu təsdiqlənməmiş məlumatlar o qədər yayılır ki, bu da əlavə narahatlıq yaradır. Dəqiq və şəffaf məlumatlandırma yoxdursa, bu vəziyyət daha da dərinləşir. Əgər rəsmi qurumlar vaxtında doğru məlumatlar versə, insanlarda etimad yaranar və şayiələrin qarşısı bu şəkildə alınar.

Psixoloji dəstək də kütləvi psixozun qarşısını almaq üçün vacibdir. Həmçinin, kütləvi psixozun qarşısını almaq üçün maarifləndirmə aparılmalıdır və bu, yüksək səviyyədə təşkil edilməlidir.

Cəmiyyətin və sosial medianın dəstəyi çox önəmlidir. Sosial dəstək şəbəkələrinin yaradılması vacibdir. Bu hallara qarşı tədbirlər keçirilməli və psixoloji konsultasiyaların aparılması mütləqdir.

Eyni zamanda qeyd etməliyik ki, kütlənin idarə olunması da böyük əhəmiyyət kəsb edir. Bir kütləni kim idarə edirsə, daha çox onun qanunları və qaydaları qəbul edilir.

Son olaraq, ümumiləşdirib qeyd edək ki, kütləvi psixozun idarə olunması üçün dəqiq və etibarlı məlumatlar təmin edilməlidir".

 

Nigar Həsənzadə