İran: Müzakirələrin İrəliləməsi Üçün ABŞ Xoşniyyətli və Realist Olmalıdır

Bölmə: Dünya › ,
Tarix: 17:49 25.04.2025

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkai ABŞ ilə aparılan danışıqlarda irəliləyiş əldə olunması üçün “qarşı tərəfin xoş niyyət, ciddilik göstərməsi və realist yanaşması” gərəkdiyini bildirib.

 

İran Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, Bəkai İran ilə ABŞ arasında Omanın paytaxtı Məsqatda keçiriləcək danışıqlarla bağlı jurnalistlərin suallarını cavablandırıb.

 

Bəkai, Xarici İşlər naziri Abbas Ərakçinin ABŞ ilə dolayı görüşlər keçirmək məqsədilə diplomatik və texniki ekspertlərdən ibarət heyətlə birlikdə bu gün Məsqata gedəcəyini bildirib.

 

İki ölkənin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə paralel şəkildə texniki ekspert görüşlərinin keçirilməsi barədə tərəflər arasında razılıq əldə olunduğunu qeyd edən Bəkai əlavə edib:

 

“Ev sahibi Oman tərəfindən hazırlanmış plan və İran ilə ABŞ arasında əldə olunmuş razılaşma əsasında, ölkəmizin xarici işlər naziri ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi (Stiv Vitkoff) arasında ekspert görüşləri və dolayı danışıqlar şənbə günü keçiriləcək. Danışıqlarda irəliləyiş üçün ABŞ tərəfi xoşniyyətli, ciddi və realist olmalıdır".

 

İran heyətinin atacağı hər addımda keçmiş təcrübələri nəzərə alaraq qarşı tərəfin davranışlarına əsasən qiymətləndirmələr aparacağını bildirən Bəkai, İran xalqının hüquq və maraqlarını qorumaq üçün bütün səylərin göstəriləcəyini vurğulayıb.

 

Haber Global

Günel Verdiyeva