Hansı hallarda vətəndaşlıq itirilir?-Hüquqşünas AÇIQLAYIR

Tarix: 23:04 25.04.2025
Azərbaycan qanunvericiliyi vətəndaşlığın itirilməsinin səbəblərini aydın şəkildə müəyyən edir.
Mövzu haqda hüquqşünas Günay Abbasova “İnformator.az”a açıqlamasında bildirib ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanununun 18-ci maddəsinə əsasən aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
“Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi”.
Hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi qanunvericiliklə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə vasitəsilə həll edilir:
“Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin I hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz.
Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikası ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə müraciət etməlidirlər. Bu halda Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılan, nümunəsi Azərbaycan Respublikası Prezidenti vasitəsilə təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət ünvanlamalıdır”.
Nərmin Həşimova