Perfeksionizm:Uğura aparan yol, yoxsa stress qaynağı?

Bölmə: Sosial › ,
Tarix: 22:41 25.04.2025

Perfeksionizm— bir insanın özündən və ya başqalarından daim mükəmməllik gözləməsi, heç bir səhv etmədən işlərin ən yüksək səviyyədə görülməsi istəyi deməkdir.

 

Mövzu ilə əlaqədar ailə və uşaq psixoloqu Aynur İsmayılova "İnformator.az"a açıqlamasında bildirib ki, bu cür insanlar hər zaman hər bir işini düzgün, ideal etməyə çalışırlar.

 

"Mükəmməlliyyətçi insanlar yəni, perfektsionist insanlar bu həyatda hər zaman var. Ümumiyyətlə, insan sosiallığı varsa, insan cəmiyyəti varsa, burada müxtəlif xarakterli insanlar olur. Perfeksionizmin əsası, mükəmməlliyyətçiliyin əsası 6 yaşa qədər qoyulan bir faktordur.


Bu faktor demək olar ki, uşağın uşaqlığı qəbul olunmayan ailələrdən, və eyni zamanda əsasən, uşaqların böyüklərlə böyüdüyü mühitdə, elə uşaq var ki, ona uşaqlarla çox az oyun oynamağa icazə verilir, daha çox böyüklərlə vaxt keçirirlər. Belə olduğu halda da böyüklərin davranışını bir mənalı şəkildə uşaq qəbul etməyə başlayır. Uşağın yaşından asılı olmayaraq, ondan hər şeyi mükəmməl etmək tələb olunur. Bir növ 6 yaşına qədər uşaq buna adaptasiya olduğundan uşağın yaşı artdıqca, yeni yetməlik yaşına doğru yaşlarda artıq istər-istəməz perfeksionizmi özündə bir sindrom kimi formalaşdırır. Təbii ki, həyatda heç bir şey ideal deyil; insan xarakteri də, yaşadığımız həyat da mükəmməl deyil. Amma bu cür insanlar hər zaman hər bir işini düzgün və nizamlı etməyə, disiplindən kənara çığxmamağa çalışırlar. Yəni, bunun prinsipi ilə çalışırlar. Bəzən təbii olaraq, bu həyat qanunları ilə üst-üstə düşməyə də bilər və bu zaman bu insanlar daha çox əziyyət çəkməyə başlıyırlar. Əsası uşaqlığından qoyulduğundan və bu insan buna istər-istəməz adaptasiya olduğundan perfeksionizm sindromu həmin insanlarda özünə inamı aşağı edir. Bu insanlarda özünə inam aşağı olduğuna görə daim mükəmməllik axtarırlar və bu mükəmməllik axtarışı onlarda təbii ki, nevroza, sinir xəstəliklərinə səbəb olur. Daim onlar təşviş içərisində ola bilirlər. Bu insanların əksəriyyəti ürək xəstəliyindən əziyyət çəkirlər. Perfeksionizmlə mübarizə aparmağın birmənalı şəkildə ən böyük rolu psixoloji dəstəkdir. Əgər bu insanlar yetkin bir yaşda psixoloji dəstək alırlarsa, həyatın fərqindəliyinə varırlar.
Öz fərqindəliklərini və öz bacarıqlarını kəşf etdikdən sonra artıq hər bir şeyin mükəmməl olmayacağına inandıqlarında həyata baxış təzləri dəyişir. Ona görə də biz hər bir yaşın qanuna uyğunluğunu qəbul etməliyik. Uşaqdırsa, o hər bir şeyi uşaqcasına edəcək. Yeniyetmədirsə, onun da özünün səhvləri ola bilər. Yəni, səhv etməyi, düzgün etməməyi bir mənalı şəkildə qəbul etmək, "insanın özünün də səhvi ola bilər və mənim həyatım ideal olmaya bilər" prinsipindən yanaşsa, perfeksionizm sindromundan əziyyət çəkməyəcək. Perfeksionizm varsa, bunu insan hərəkətləri ilə hiss etdirir. Bu insanlar hiss etmədən təşviq içərisində olur və ətrafındakı ən yaxın insanları da öz hərəkət, davranış və düşüncələrinə görə narahat edirlər".

 

Səmayə Səftərova