"Banklar 100% sığorta ilə əhatə olunacaqlar"
Bölmə: İqtisadiyyat › ,Tarix: 13:45 26.01.2016
Bu yaxınlarda Milli Məclisdə "Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul olundu. Ancaq bank sektorunda bir sıra zəif banklar var. Bu zəif banklar bazarın çox cüzi hissəsini təşkil edir. Əmanətçilərin 98%-i bugünkü sığorta sistemi ilə əhatə olunurlar".
İnformator-un məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.
"Sağlam və perspektivi olan banklar "Əmanətlərin tam sığortalanması haqqında" qanun imzalanandan sonra 100% sığorta ilə əhatə olunacaqlar. Bank sektorunda dayanaqlığı təmin etmək üçün dövlət müvafiq proqram üzərində işləyir. Bu məqsədlə Dünya Bankı, Beynəlxalq Valyuta Fondunun nümayəndələrini ölkəyə dəvət etmişik. Ən güclü ekspertləri dəvət etmişik ki, bank sektorunu daha güclü, dayanıqlı edək" - deyə, E. Rüstəmov bildirib.
Lisenziyası ləğv olunan "Gəncə Bank" ASC-də olan əmanətlərə toxunan baş bankir deyib ki, adıçəkilən bankın əmanətçilərinin narahatlığına heç bir əsas yoxdur.
Elman Rüstəmov banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə də münasibət bildirib. "Yəqin ki, bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara yardım vasitəsilə necə edək ki, banklar bu işin öhdəsindən gələ bilsinlər. Dövlətin banklara yardım proqrammı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik" - deyə, AMB sədri qeyd edib.