Novruzun Səsi

Tarix: 19:17 17.03.2025
"Novruzun Səsi" adlı tədbir Filologiya və Jurnalistika fakültələrinin birgə təşkilatçılığı ilə keçirilib və Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb.
Tədbirin açılışını filologiya fakültəsinin tələbəsi Ayşə Quluzadə və jurnalistika fakültəsinin tələbəsi Güllü Hacızadə edib. İlk olaraq söz filologiya fakültəsinin sosial məsələlər üzrə dekanı Anar Fərəcova verilib.
O, mərasimdə Novruz bayramının adət-ənənələri, simvolları, tarixi və yaz fəsli ilə əlaqəsi haqqında məlumat verib.
Aparıcılar da Novruz bayramının tarixi, çərşənbələrin xüsusiyyətləri və yazın gəlişi barədə danışıb. Daha ətraflı məlumat vermək üçün söz filologiya üzrə fəlsəfə doktoru, şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədova verilib.
O, türklərin Novruz bayramı haqqında fəlsəfi baxışları, Şumer mədəniyyətində Novruzun əhəmiyyəti barədə fikir mübadiləsi aparıb. Çərşənbələrin yaranma tarixi və müxtəlif bölgələrdə fərqli şəkildə qeyd edilməsi barədə də məlumat verib. Həmçinin, çərşəmbələrin digər adlarından bəhs edərək, yel çərşənbəsinin "gül" və ya "ölü" çərşənbəsi adlandırılmasını qeyd edib. Səməninin 12 gün süfrədə qalması və daha sonra axar suya buraxılmasından da söz açıb.
Daha sonra doktorant Münevver Yavuza söz verilib. O, Novruzun Türkiyədə "Hıdırellez" adıyla keçirilən bayramla oxşar olduğunu vurğulayıb. Uşaqlığından və Hıdırellezdə yaşadığı təcrübələrdən tələbələrə danışıb.
Doktorantın sözlərinə görə, Türkiyə türkləri, xüsusən də, Manisalılar, tonqalın üzərindən tullanmazdan əvvəl dəmir çaldıqlarını və bu hərəkətin Ərgənəkonla bağlı olduğunu ifadə ediblər.
Tədbirdə poeziyaya da xüsusi yer ayrılıb.
Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Aytac Salahlı baharın gəlişi haqqında maraqlı bir şeir səsləndirib.
Tədbirdə jurnalistika fakültəsinin tələbələrinin Novruz bayramı ilə əlaqədar hazırladığı reportaj nümayiş etdirilib.
Mərasimdə həmçinin hakıştaya da yer verilib. Filologiya fakültəsinin 2-ci kurs tələbələri Əsmayə Nağıyeva və Nəzrin Aslanlı hakıştada iştirak ediblər.
Tədbir aparıcıların təbrikləri ilə sona çatıb.
Asiman Vəliyeva