Azərbaycan kredit götürsə də öz şərtlərini diktə edəcək –Fikrət Yusifov
Bölmə: İqtisadiyyat › ,Tarix: 14:41 28.01.2016
"Azərbaycan hökumətinin dünya Bankından, Beynəlxalq Valyuta Fondundan məhz 4 milyard dollar həcmində kredit almaq istəyi barədə mətbuatda yayılmış informasiyalarıın dəqiqliyi bir qədər şübhə doğurur. İnandırıcı deyil ki, Azərbaycan hökuməti və Beynəlxalq Maliyyə İnstitutları hər hansı razılaşma sənədi imzalamadan müzakirələrin predmeti barədə ictimaiyyətə açıqlama versinlər". İnformator-ın məlumatına görə, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin sədri Fikrət Yusifov söyləyib.
O bildirib ki, yayılmış informasiyada dəqiq mənbə göstərilmədiyindən bir qəzetin yaydığı xəbəri real fakt kimi təqdim etmək və dəqiq rəqəm söyləmək doğru deyil: "Əlbəttə, Azərbaycan hökuməti Beynəlxalq maliyyə qurumları - Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İslam İnkişaf Bankı və s bu kimi qurumlarla müzakirələr aparır. Ola bilsin ki, Azərbaycana hansısa maliyyə institutu tərəfindən kreditlər ayrılsın. Cənab Prezident də son müşavirədə Azərbaycanın xarici borclanmaya gedə biləcəyinə dair fikirlər səsləndirmişdi. Bizdə olan məlumata görə hazırda bu istiqamətdə müəyyən fikir mübadiləsi aparılır. Lakin bu danışıqlar özünün hazırlıq mərhəlləsindədir və hər hansı dəqiq məbləğ ətrafında söhbət aparılmır. İndiki müzakirələr kreditə ehtiyacın nə qədər olduğunu müəyyənləşdirmək ətrafında qurulub. Yəni hələ ki, kreditin şərtləri müzakirə predmeti deyil. Ümumiyyətlə, hesab etmirəm ki, Azərbaycan hökuməti beynəlxalq maliyyə qurumlarının təklif edəcəyi kreditlər üzrə bütün şərtləri qəbul edəcək qədər çıxılmaz durumdadır. Azərbaycan kredit götürsə bunu yalnız onu qane edəcək şərtlər daxilində edə bilər".