Müharibə Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinə mənfi təsir göstərib-Nazir

Bölmə: Siyasət › ,
Tarix: 21:27 26.05.2025

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, üç ildən çox davam edən Rusiya-Ukrayna müharibəsi Azərbaycanla Ukrayna arasında iqtisadi münasibətlərə mənfi təsir göstərib.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başlanması ümumilikdə Ukraynanın iqtisadiyyatına mənfi təsir edir:

 

"Xüsusi ilə də enerji sektoru ciddi şəkildə zərər görüb. Çünki Rusiya əsasən Ukraynanın enerji sektorunu ciddi hədəfə alıb. Xüsusi ilə nəzərə alaq ki, Ukrayna müharibədən əvvəlki dövrdə də enerji sektoru bir qədər zəif olan ölkə idi. Yəni enerji resurslarından digər ölkələrdən aslı vəziyyətdə olan bir ölkə idi. Buna görə də Rusiya bilərəkdən enerji sahəsində ciddi şəkildə problemlər yaratıb. Həmçinin iqtisadiyyatın digər sahələridə ciddi böhran keçirib. Hələ Sovet hökuməti dövründən Ukrayna əsasən ağır sənaye üzrə ixtisaslaşan bir ölkə idi. Bu müddət ərzində Rusiyanı Ukraynanın sənaye mərkəzlərinə zərbələr endirməsi məhz Ukraynada ciddi şəkildə problemlər yaratdı. Eyni zamanda Rusiya Ukraynaya qarşı çox ağır silahlardan istifadə edir ki, bu da Ukraynada torpaqların ümumi istifadəsinə ciddi şəkildə problemlər yaradır. Məhz bu problemlərə görə də Ukraynada kənd təsərüffatına ciddi şəkildə zərbə dəyir".

 

Ekspert həmçinin bildirib ki, Azərbaycan-Ukrayna arasında olan ticarət əlaqələri əsasən enerji sektoru və həmçinin kənd təsərüffatı sahəsi ilə bağlı idi:

 

"Bu müddət ərzində müharibə baş verdikdən sonra bu sahələrdə ciddi şəkildə Ukraynanın ümumi böhran keçirməsi, Azərbaycanla olan münasibətlərə də ciddi şəkildə təsir göstərir. Məsələn: Ukraynanın kənd təsərüffat mallarının Azərbaycana olan ixracında kəskin azalma müşahidə olunub. Bu da iki ölkə arasında olan ticarət dövriyyəsinə ciddi şəkildə zərbələr vurur. Azərbaycan Ukraynanı hər zaman humanitar və diplomatik sahədə dəstəkləyib. Dəfələrlə rəsmi Bakı bildirib ki, Ukraynanın ərazi bütövliyini də, suverenliyini də tanıyır. Müharibədən sonra da Azərbaycan və Ukrayna əlaqələri sürətli şəkildə inkişaf edəcək. Ukrayna çox böyük potensiala malikdir".


Ayşən Səlimova