Şahbaz Şərifin Türkiyə səfəri-ŞƏRH

Tarix: 21:39 26.05.2025
Pakistanın Baş naziri Şahbaz Şərif rəsmi səfərlə Türkiyədədir. Onu İstanbul Hava Limanında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qarşılayıb. Baş nazirin Azərbaycan səfəri də gözlənilir.
Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, son vaxtlar Pakistanın Azərbaycan və Türkiyə ilə əlaqələri, görüşləri daha da intensivləşib:
"Bu da, əlbəttə, bölgədəki gərginliklə bağlıdır. Hindistanın Pakistanı hədəf alması və sonradan atəşkəs razılaşması bu görüşlərə zərurət yaradır. Amma hələlik bu münaqişə bitməyib. Yəni, hər dəqiqə hər bir şey ola bilər. Hindistanın əhalisi də çoxdur, büdcəsi Pakistanın büdcəsindən 10 dəfə böyükdür. Ona görə də bu və digər məsələlərdə Pakistanən Hindstanla üzləşməsi çətindir. Amma dostlarla, müttəfiqlərlə bir yerdə olması bir qədər vəziyyəti dəyişir. Məncə, hazırda baş nazirin Türkiyə səfəri, sonra Azərbaycana səfəri hərbi-siyasi əməkdaşlığın daha da dərinləşdirilməsi, ciddiləşdirilməsi ilə bağlıdır. Fikrimcə, biz bu istiqamətdə konkret addımları görəcəyik. Burada gələcək baxımından, əlbəttə, mümkündür ki, bu əməkdaşlıq daha da dərinləşsin. Hətta hərbi-siyasi blokun formalaşması zərurətinə də ehtiyac var. Biz hələ 2-ci Qarabağ müharibəsində gördük ki, Türkiyə və Pakistan birmənalı olaraq, Azərbaycanı dəstəklədi. İndi də Pakistanın bu haqsız hücumlara məruz qaldığı bir dövrdə Türkiyə və Azərbaycan paralel olaraq, Pakistanı dəstəkləyirlər və doğru bir addım atırlar. Bu da onu deməyə əsas verir ki, beynəlxalq münasibətlər sistemimdə bəzən dövlətlərin kiçikliyi, böyüklüyü önəm daşımır. Çünki burda suveren bərabərlik var. Bu baxımdan bu gün Pakistana həm Türkiyə, həm də Azərbaycan eyni dərəcədə yaxındır, doğmadır. Məncə bu paralelliyi də şərtləndirən məqam budur. İndiki məqamda baş nazirin Azərbaycan və Türkiyə səfərlərinə gəldikdə, kritik bir dövrdür. Bu dövrdə nələr etmək olar, konkret olaraq, hansı istiqamətdə bu münasibətləri daha da dərinləşdirmək olar, hansı məsələlərdə anlaşmaq olar, bu suallar ətrafında müzakirə etməli bir sıra vacib məqamlar var. Elə düşünürəm ki, baş nazirin də bu səfəri daha çox bu məsələləri dəqiqləşdirməklə bağlıdır. Əslində kritik dövr təkcə bölgə ilə bağlı deyil, bütövlükdə dünya ilə bağlıdır. İndi dünya düzəni ilə bağlı bilir ki, çox mühim proseslər baş verir. Yəni, buna görə səfər ölkələr arasında münasibətlərin aydınlaşması və növbəti mədhələ üçün görüləcək işlərin konkretləşdirlməsi baxımından əhəmiyyətlidir".
Billurə Quliyeva