Almaniya və Ukrayna saziş imzalayıb

Bölmə: Siyasət › ,
Tarix: 21:26 29.05.2025

Almaniya və Ukrayna Müdafiə nazirliklərinin rəhbərləri Boris Pistorius və Rustem Umerov Ukraynada uzaqmənzilli silahların istehsalının Berlinin maliyyələşdirməsinə dair saziş imzalayıblar.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Züriyə Qarayeva bildirir ki, Almaniya bu sazişlə faktiki olaraq Rusiya ilə daha sərt qarşıdurma mövqeyinə keçmiş olur:

 

“Uzaqmənzilli silahların istehsalını maliyyələşdirmək yalnız müdafiə yox, hücum potensialı olan texnologiyanın təşviqi kimi qiymətləndirilə bilər. Bu addımı Rusiya birbaşa təxribat aktı kimi dəyərləndiriləcək. Nəticə etibarilə Moskva Berlinlə diplomatik münasibətləri daha da sərtləşdirə, enerji sahəsində yeni məhdudiyyətlər tətbiq edə və Almaniyaya qarşı hibrid fəaliyyətlərini artıra bilər. Bu addım Avropada liderlik mövqeyinin ABŞ-dən qismən Almaniyaya keçməsi cəhdi kimi də şərh oluna bilər. ABŞ Konqresində Ukraynaya yardım məsələsində yaranan çəkinmələr fonunda Avropa İttifaqı daxilində yeni “təkanverici aktor”a ehtiyac yaranıb. Fransa daha çox diplomatik rolda çıxış etdiyi halda, Almaniya artıq praktik, hərbi və sənaye dəstəyi ilə boşluğu doldurmağa çalışır. Bu, eyni zamanda Almaniyanın NATO daxilində də rolunu gücləndirmək niyyəti kimi görünür. Hazırda razılaşmanın dəqiq müddəti ictimaiyyətə açıqlanmayıb. Lakin ilkin məlumatlara əsasən, bu əməkdaşlıq orta və uzunmüddətli strateji planlaşdırma əsasında qurulur və sadəcə qısamüddətli texniki yardım deyil. Almaniyanın bu tip müqavilələrdə daha öncəki təcrübəsinə baxdıqda, ehtimal etmək olar ki, saziş 3 ildən az olmayan bir müddətə nəzərdə tutulub və icra nəticələrindən asılı olaraq avtomatik uzadılma mexanizmi də daxil edilə bilər. Bu əməkdaşlıq, xüsusilə uzaqmənzilli hücum silahlarının istehsalına yönəldiyi üçün, Rusiyanın sülh masasına oturma ehtimalını daha da azalda bilər. Nəticədə danışıqlar mühitinə inamsızlıq artır və kompromis imkanları daralır. Hərçənd, Qərb bu addımları Ukraynanın ərazi bütövlüyünü müdafiə etmək üçün zəruri hesab etsə də, fakt budur ki, hərbi texnologiyanın artırılması sülh diplomatiyasını arxa plana keçirmiş olur”.

 

Aysel Mirzəyeva