Pezeşkian İsrailin hücumu zamanı yaralanıb

Bölmə: Dünya › ,
Tarix: 12:14 14.07.2025

İsrailin İrandakı əməliyyatının üçüncü günü Tehranın qərbindəki yeraltı kompleksə hücumu zamanı Prezident Məsud Pezeşkian ayağından yüngül yaralanıb. Bu barədə “Fars” agentliyi məlumat yayıb.

 

Məlumata görə, İsrail kompleksin giriş-çıxışlarını 6 raketlə vurub. Binanın elektrik enerjisi kəsilib, lakin rəsmilər başqa çıxışdan qaça biliblər. Təxliyə zamanı İran prezidenti ayağından yaralanıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, hər tərəf bu qarşıdurmadan öz maraqları üçün istifadə etdi:

 

"Artıq əsas hadisə baş verib – Pezeşkian yaralanıb. Bu, yüngül, orta və ya ağır yaralanma ola bilər, amma fakt odur ki, İsrail hücumlarını həyata keçirib. Pezeşkianın “Fars” agentliyinə açıqlama verməsi də təsadüfi deyil. Çünki prezidentin yaralanması gərginlik yarada bilərdi. Nəzərə almaq lazımdır ki, İran daxilində artıq demək olar ki, general qalmayıb – İsrail onları bir-bir aradan götürüb. İndi isə prezidentin də yaralanması ölkədə narahatlıq və xaosun artmasına səbəb ola bilərdi. Pezeşkian hücumdan sonra xalqa görünəndə, sanki hər şey normala dönmüş kimi təqdim olundu. Prezidentin yaralanması onu xalqın gözündə həm qəhrəman kimi göstərə, həm də zəif vəziyyətdə təqdim edə bilərdi. Onun gizləndiyi deyilir – savaş zamanı gizlənmək də bəzən zəruri olur. Necə ki, Ali dini lider Xamenei də görünmədi, sanki gizlənmişdi. Ancaq Pezeşkianın fərqi o idi ki, o, xalqın içində görünürdü. Bu, onun müsbət tərəfidir. Təəssüf ki, Pezeşkiyana bəzi dairələrdə ögey münasibət var. Çünki o, milliyyətcə türkdür və türk kimi düşünür. Təbii ki, burada milliyyətin fərqi yoxdur – tarixdə elə türk milliyyətçiləri olub ki, öz vətənlərini satıblar. Lakin Pezeşkian fərqli insandır – türk dilində şeir deyir, türkçü düşünür, Azərbaycan və Türkiyə arasında yaxınlıq yaratmaq istəyir. Bu da onun müsbət cəhətlərindəndir. Ancaq reallıqda Pezeşkianın təsir imkanları azdır. İran Konstitusiyasına görə, prezident ölkənin ikinci adamıdır. Amma faktiki olaraq o, beşinci-altıncı sırada belə yer ala bilməz. Daha çox humanitar və mədəni fiqurdur. İsraillə İran arasında qarşıdurma artıq başa çatıb. On iki günlük bu qarşıdurmada hər iki tərəf özünü qalib elan etdi – İsrail, İran, hətta ABŞ də. Amma bu, əslində genişmiqyaslı müharibə deyildi – sadəcə raket zərbələri idi. İsrail ola bilsin minimum hədəflərinə çatdı və elə məqsədi də o idi – dərinə getmək istəmədi. İran isə özünün hələ də ayaqda olduğunu göstərməyə çalışdı. Hər tərəf bu qarşıdurmadan öz maraqları üçün istifadə etdi. İsrail tərəfdarları deyir ki, İsrail qalib gəlib. İran tərəfdarları da öz növbəsində İranın qalib olduğunu deyir. Hətta deyirlər ki, “biz İran fanatıyıq, qələbə bizimdir”. Digərləri isə deyir: “İsrail Hamasa belə qalib gələ bilmədi, gəlib İrana necə qalib gələcək?” Bu, artıq siyasətdən çox, bir az da futbol azarkeşliyinə bənzəyir. Biz isə obyektiv yanaşmalıyıq. Mənim fikrimcə, İran–İsrail münasibətləri artıq pik nöqtəyə çatıb. Yaxın zamanda daha da kəskinləşəcəyini düşünmürəm. Gələcəkdə bəlkə də əsaslı toqquşmalar ola bilər, amma bu, uzunmüddətli müharibəyə çevrilməyəcək. Bu günə qədər proqnozlarımız doğru çıxıb və düşünürəm ki, bu ssenari davam edəcək – nə müharibə, nə də sülh tam olaraq olmayacaq. Çünki bu gərginlik hər iki rejimə sərf edir – hərəsi öz düşmən obrazını yaradıb və bu düşmənə qarşı mübarizə apararaq hakimiyyətdə qalır".

 

 Qəmər Kazımzadə