O qayıdacaq...

Bölmə: Mədəniyyət › ,
Tarix: 15:12 17.02.2016

Pərixanım Mikayılqızı

Azərbaycan estradasının sevilən müğənnisi Fuad Musayevin ifasında “O, qayıdacaq” adlı yeni bir mahnı öz dinləyicilərinin ixtiyarına verildi və onu sevənləri bir daha sevindirdi. “O qayıdacaq” mahnısını dinlədiyim anda mən də qəribə hisslər yarandı. Musiqi o qədər axıcı, düşündürücü idi  ki, musiqini dinlədikcə insan bir anlıq xəyala dalır, başqa bir aləmə düşürdü. Sanki, illərdir ki, həsrətlə yolunu gözlədiyin var və sən onun mütləq qayıdacağına inanırsan, ümid bəsləyirsən və qətiyyətlə “O qayıdacaq” deyirsən.

Sözləri və müsiqisi Faiq Erol Vahabova aid olan bu musiqinin məhz Fuad Musayevə həvalə olunması təsadüfi deyildir. Çünki, bu gün Azərbaycan səhnəsində istər estrada, istərsə də xalq musiqisi janrında yetərincə musiqiçilər vardır. Onların içərisində isə xalq tərəfindən sevilən, sayılıb-seçilən musiqiçilər o qədər də çox deyildir. Fuad Musayev məhz o sayılıb, seçilən ifaçılardandır desəm yanılmaram. Fuad Musayevi bir çox ifaçılardan fərqləndirən cəhət onun gözəl musiqi duyumunun olması, zövqlü mahnı seçimi, səlis ifa və s. və ilaxır. O, estradanın pop, rok janrlarının eyni bacarıqla ifa edir. Fuad Musayev yaratdığı “F.M.Exspress” - qrupu ilə artıq on ildən artıqdır ki, birlikdə çalışır. Olduqca mehriban, sadə ifaçı qrupun üzvlərini bir ailə üzvü kimi qəbul edir. Onların on ildir birlikdə çalışmaları bu mehribanlığı bir daha təsdiqləyir.

Zamanında Azərbaycan estradasının çox dəyərli sənətkarları olubdur ki, bu gün Fuad Musayevi həmən sənətkarların davamçısı hesab etmək olar. Onun gözəl səhnə görünüşü, səhnədə özünü idarə etməsi, artıq hərəkətlərə yol verməməsi bütün bu dediklərimi təsdiqləyir. Bir də Fuad Musayevin mahnını təkcə ifa etmək xatirinə oxumur, o hər ifa etdiyi mahnını sanki yaşayır, duyur, hiss edir. Estrada mahnı ifaçısı üçün bu ən əsas elementlərdəndir ki, Fuad Musayev bunun öhdəsindən gəlir. Zövqlü ifaçı oxuduğu hər bir mahnını dinləyicisinə sevdirməyə çalışır və bunu bacarır da. Bu səbəbdən də Fuad bəyin oxuduğu hər bir mahnı az zaman içərisində sevilir. O,ifa etdiyi mahnılara olduqca ciddi yanaşır. Fuad bəyin ifa etdiyi “O illərin ağrısı”, “Zəng elə”, “Ürək deyil”, “Gül mənimdir” və s. mahnıları buna misal göstərə bilərik. O, mahnını aydın ifa etməyə çalışır ki, dinləyici sözləri başa düşsün və musiqidə nədən danışıldığını anlasın. Bir də Fuad Musayev yorucu müğənni deyildir. O, efirlərə də çox çıxmağın tərəfdarı deyil. Deyir ifaçı üçün gərək tamaşaçı, dinləyiçi darıxsın, onu tələb etsin. Fuad bəy tamaşaçılarını nə qədər intizarda saxlamaq istəsə də, tamaşaçılar onu görməyi həsrətlə gözləyir.

Bu gün inamla demək olar ki, Fuad Musayev sadəcə ifaçı deyil, o yüksək səviyyəli ifaçıdır. Öz dəyərini saxlamağa çalışan müğənni ucuz reklam dalınca qaçmır, heç onun elə reklamlara ehtiyacı da yoxdur. Fuad Musayev də Azərbaycan kişilərinə xas olan bir çox xüsusiyyətlər vardır. O, çox təmkinli, ağır təbiətli, ciddi görkəmlidir. Fuad Musayev kimi ifaçıların dəyərəini bilən Azərbaycan xalqı onu elə dəyərli tədbirlərə, dəyərli məclislərə də dəvət edir.

“O qayıdacaq” mahnısı hələlik Fuad bəyin ifa etdiyi sonuncu mahnısıdır. Hal-hazırda bir çox yeni mahnılarının da məşqləri gedir. Tezliklə Fuad Musayevi sevənlər onun bir qədər geniş proqramla çıxışını görəcəklər.

Doğurdan da xalqın sevimlisi olmaq o qədər asan deyil. Amma Fuad Musayev xalqının sevimlisi, layiqli ifaçısı olmağı bacardı. Xalqının qəlbinə yol tapmağı bacaran Fuad Musayevə bu yolda daha böyük uğurlar, daha böyük səhnələr diləyirik.