Çernobıl faciəsinə bənzər bir fəlakət... -Medvedyev

Bölmə: Siyasət › ,
Tarix: 21:04 20.06.2025

İranda nüvə obyektlərinə hücumlar son dərəcə təhlükəlidir və Çernobıl faciəsinə bənzər bir fəlakətə səbəb ola bilər, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev bildirib.

 

Mövzu ilə bağlı açıqlamasında "İnformator.az"a Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə bildirib ki, hazırda bölgədə vəziyyət gərgin, amma hələlik həlledici mərhələyə çatmayıb:

 

"Hazırki məqamda məlumdur ki, Birləşmiş Ştatlar uzun illərdir İranın nüvə siyasətini, xüsusilə də uranın zənginləşdirilməsi proseslərini diqqətlə izləyir. Dmitri Medvedevin açıqlamaları da təbii olaraq Rusiyanın dövlət maraqları çərçivəsində səsləndirilir. Rusiya, məlum olduğu kimi, ABŞ-yə rəqib dövlətdir və İranla geosiyasi müstəvidə yaxın münasibətlərə malikdir.Medvedevin bu açıqlamasının regional sabitliyə ciddi təsir göstərəcəyini düşünmürəm. İsrailin İranın nüvə obyektlərinə hücum ehtimalı var – bu ola da bilər, olmaya da bilər. Xatırlayırsınızsa, daha əvvəl Natanzdakı nüvə obyektlərinə zərbələr endirilmişdi, bəzi məlumat sızmaları da olub. Lakin sonradan MAQATE qeyd etdi ki, bu obyektlər nəzarət altındadır. Hazırda MAQATE-nin hesabatları dəqiq və tam deyil. Müharibə şəraitində bu təşkilatın nəzarət funksiyalarını yerinə yetirməsi çətindir. İran isə bildirib ki, nüvə fəaliyyəti tam şəkildə nəzarət altındadır və hər şey qaydasındadır. Yəni, hazırda Çernobil tipli bir fəlakət gözlənilmir. Amma bununla belə, nüvə obyektlərinə zərbələrin region üçün təhlükəli olduğu aydındır. İranla İsrail arasında müharibə davam edir və bu səbəbdən MAQATE-nin real nəzarət imkanları məhdudlaşıb. Müharibə gedən yerdə bu cür beynəlxalq nəzarət mexanizmlərinin işləməsi mümkün olmur. Bu səbəbdən də nüvə məsələsində qeyri-müəyyənlik mövcuddur. Digər tərəfdən, Birləşmiş Ştatlar İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır. ABŞ-nin bəzi hesabatlarında qeyd olunurdu ki, İranın nüvə silahını tam hazırlamağa bir neçə həftə, maksimum bir-iki ay vaxtı qalıb. Bu səbəbdən ABŞ-nin siyasəti əsasən İrana təzyiq yönümlü olub. Prosesləri ümumi götürdükdə belə demək olar ki, hazırda bölgədə vəziyyət gərgin, amma hələlik həlledici mərhələyə çatmayıb".

 

Qəmər Kazımzadə