İnsan psixologiyasında “qisas” hissinin təhlili

Bölmə: Sosial › ,
Tarix: 22:07 20.06.2025

 

Qisas almaq istəyi bir çox insanın yaşadığı, lakin bəzən dilə gətirmədiyi güclü psixoloji duyğulardandır. Bəzi insanlar düşünür ki, bu, ədaləti bərpa etməyin bir yoludur. Bəziləri isə içindəki incikliyin və ağrının təzahürü kimi bu məqsədi daşıyır.

 

Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, qisas hissinin bir neçə səbəbi ola bilər:

 

“İnsan özünü emosional olaraq zəif, təhlükədə hiss etdikdə, təhqir, xəyanət, zorakılıq, şiddətlə üzləşdikdə özündə qisas hissi yaranmağa başlayır. Düşünür ki, qisas aldığı zaman özünü güclü hiss edəcək və qarşısındakı onu incidən insana qarşı böyük bir cavab qaytarmış olacaq. Bundan başqa, uşaqlıqda aldığı travmalar, zədələr, yaşadığı həyat hekayələrindən qaynaqlana bilir. Uşaq vaxt sevgi və təhlükəsizlik duyğularından məhrum qaldığı üçün, aqressiya, qəzəblə qidalandığı üçün içində qisas yaranmağa başlayır. Bu qisas onunla bərabər, ona acı yaşadan insanlara qarşı böyüməyə başlayır. Qisas duyğusunun altında inciklik, emosional boşluq, qorxu, güvənsizlik, özünü dəyərsiz hiss etmək, ağrı və inciklik dayanır. Qisas hissi ilə yaşayan insan özünü sağaltmaqdan, özünə qayğı göstərməkdən daha çox qarşısındakı insana necə zərər verəcəyini düşünərək özünü yönləndirməyə başlayır. Cəmiyyətdən, insanlardan, ətrafdan özünü təcrid etməyə başlayır. Çünki içində alovlanan bu qisas duyğusu şəxsiyyət olaraq ona təsir edir. Kini, qəzəbi, nifrəti, əsəbi, gərginliyi, hətta depressiyaya qədər gətirib çıxarda bilər. Ağır xəstəliklərə qədər gətirib çıxara bilər. Həmin insan qarşısındakından qisas alsa belə, istər-istəməz bundan sonra özünü günahlandırma, boşluqda hiss etmə kimi hisslər yarana bilər. Qisas almaq hissi isə uzun müddət yuxusuzluq, təkrar-təkrar düşünmənin, psixoloji durumun yaşatdığı ağrı ilə qıvrana bilər. Biz bir şeyi dəfələrlə düşünürüksə, istər-istəməz bədənimizə fiziki olaraq da, mənəvi olaraq da zədələr verməyə başlayırıq. Qisas hissi ilə mübarizə aparmaq üçün duyğularımızı izləməli və tanımalıyıq. “Nəyə görə mən qisas hissindəyəm?”, “Bu hiss nəyə görə mənim daxilimdə yatır?”. Özünə yönəlmək və bu duyğuların üzərində çalışmaq lazımdır. Bütün bu acıları, incidici duyğuları qəbullanıb, özünə yönəlmək, sevdiyi işlərlə məşğul olmaq lazımdır. Qarşısındakı insanı bağışlaya bilməsək də, daxildə yatan duyğuları, ruhumuzdakı kiçik uşağı dinləməyi bacarmalıyıq. Özümüzə məktub yazmaq, yaxud özümüzlə söhbət etmək, professional bir şəxsə müraciət etmək də kömək edə bilər. Unutmamalıyıq ki, qisas hissi qarşımızdakı insana acı verməkdən daha çox ruhumuzu, canımızı incidən bir mərhələdir. Ona görə də qisas almağı deyil, özümüzə qayğı göstərməyi seçməliyik”.

 

Lalə Qurbanlı