İran özünü qalib göstərir-Bəs müharibənin gedişatı nə deyir?

Tarix: 21:56 25.06.2025
İranın nüvə ambisiyaları yenidən gündəmdədir.Bir tərəfdə “qələbə” iddiası ilə gücünü nümayiş etdirməyə çalışan İran, digər tərəfdə isə bu iddiaları dayandırmaq üçün fürsət axtaran Qərb var. Səhnə qurulub, oyunçular yerini alıb, qarşıdurma isə hər an qızışa bilər.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki,İranın nüvə silahına sahib olması məsələsi hazırkı dönəmdə risk mərhələsindədir:
“Çünki MAQATE-nin,beynəlxalq təşkilatların hesabatlarında görürük ki,İranın uranı zənginləşdirmə nisbəti 60%-i keçib.Bu nüvə enerjisindən atom bombası hazırlamaq üçün istifadə edilə biləcək səviyyədə zənginləşdirilməsi anlamına gəlir.Bu digər ölkələr üçün “Qırmızı həyəcan siqnalı” rolunu oynayır.Artıq İran addım-addım atom bombası hazırlamağa doğru gedir.Və bunun qarşısı alınmalıdır.Çünki biz dünyanın rəsmi şəkildə elan olunan 9 fərqli ölkəsində bu silahların varlığını görürük.İran kimi radikal idarəetmə sisteminə malik bir ölkənin atom bombası əldə etməsi, həm qonşu dövlətlərdə, həm regionda, həm də qlobal siyasətdə iddiaları olan qüvvələrdə ciddi narahatlıq yaradır. Çünki İran bu silahla hansı təhlükəli missiyalara başlaya biləcəyi ehtimalı ilə dünya ictimaiyyətində həyəcan doğurur.
İranın bu silaha sahib olması məsələsində ABŞ,İsrail daha həssas davranırlar,qarşısını almağa çalışırlar.İddia etmək olmaz ki,İran artıq bir neçə gün ərzində atom silahı əldə edə bilərdi.Amma zamanla bu istiqamətdə ciddi addımlar atılıb.Hətta Amerikanın nüvə obyektlərinə zərbələrindən sonra hələ də İranın nüvə potensialının tamamilə məhv edilə bilməməsi onu göstərir ki,İran bu istiqamətdə ciddi işlər görürmüş.Zərbələrdən sonra İranın nüvə infrastruktru çökməsə də,ciddi zədələr alıb.Bu da müddəti uzadıb.Amerika,İsrail rəsmilərinin hesabatlarından gəldiyimiz qənaət onu deməyə əsas verir ki,ən az 6 ay,1 il müddətində İran bu çalışmalara başlasa,əvvəlki səviyyəyə çata bilər.İrana vurulan zərbələrdən sonra Tehran administrasiyasının nüvə məsələsində nə qədər qərarlı olacağı sual altındadır.İlk növbədə İran tərəfi özünü ehtimal olunan zərbələrdən sığortalamağı bacarmalıdır ki,uranın zənginləşdirilməsi məsələsinə tam mənada qayıtsın.İran uranın zənginləşdirilməsi məsələsindən əvvəl kənar müdaxilələrin qarşısını necə ala biləcəyini müəyyənləşdirməlidir”.
Siyasi şərhçi qeyd edib ki, biz yaxın zamanlarda İranın Çin və Rusiya ilə əlaqələrində əhəmiyyətli irəlilləyişlər görə bilərik:
“İranın öz təhlükəsizliyini qorumaq üçün Çin və Rusiyadan qaranti almaq və onların birbaşa təhlükəsizlik arxitekturası çərçivəsində müdafiə olunma sistemini formalaşdırması üçün bu iki dövlətə ciddi güzəştlər edə biləcəyini də görə bilərik.Yaxın zamanlarda İranın atom bombası yaratması,infrastruktur dağıldığı üçün real deyil".
Siyasi şərhçi həmçinin İranın “qələbə”ritorikasının tamamilə auditoriyaya hesablanmış nəticə olduğunu qeyd edib:
"Donald Tramp da eynisini edir.O,İsrail rəsmilərinin yaydığı məlumatlara baxmayaraq iddia edir ki,ABŞ son zərbələrdən sonra İranın nüvə potensialını tamamilə məhv edib,amma digər bütün məlumatlar bunun əksini deyir.Tramp özünü qalib göstərməyə çalışır.Daxili auditoriyada seçicilərin dəstəyini itirməməyə çalışır.Partiyasının sonrakı seçkilərdə səs itirməməsi üçün nüfuzunun aşağı düşməməsinə çalışır.Bu yalnız daxili auditoriyaya və xaricdə potensial rəqiblərə gözdağı vermək məqsədilə yayılan bəyanatlardır".
Bəs İran niyə bunu qələbə kimi müəyyən edir?
"İranmeyilli bütün media qurumları təxminən bu istiqamətdə mübarizə aparırlar: “Heç kim Amerikanı vurmağa cəsarət etmirdi, biz Qətərə bomba atdıq”, “İraqdakı ABŞ bazasına zərbə endirdik”, “Heç kim İsrailə raket ata bilmirdi, Hayfa şəhərini biz yerlə-yeksan etdik”.Onlar deyirlər: “Səddamı deviriblər, Qəddafini deviriblər, Suriyada rejim dəyişib. Amma İrana heç nə edə bilməyiblər. İran rejimi ayaqdadır, təslim olmayıb və nüvə silahı üzərində işlərini davam etdirir.” Məhz buna görə bu durumu qələbə kimi təqdim edirlər. Bu da həm İranın daxili auditoriyasına, həm də düşmən ölkələrə hesablanmış bir addımdır.
Ümumillikdə götürdükdə bu bir müharibə deyil.Sadədə lokal xarakterli əməliyyatlar idi.Raketlər,qırıcılarla konkret hədəfləri seçir məhv edir.Müharibə daha geniş mənadır.Onu şərtləndirən əsas xüsusiyyətlər heç biri burda yox idi.Bu müharibə deyil ki,kimsə qalib olsun.İsrail İranın general,nüvə alimlərinin öldürülməsi məqsədinə çatıb.Tramp administrasiyası nüvə obyektlərinə zərbə endirməklə məqsədinə çatıb.Burada Lokal xarakterli məqsədlər var idi.Ümumi mənada bu müharibə olmadığı üçün qalibi yoxdur".
Səkinəbəyim Cəfərova