İsrail-İran müharibəsi-Nüvə silahının Azərbaycana təsirləri

Tarix: 22:31 25.06.2025
İranın nüvə proqramı ilə bağlı vəziyyət yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Beynəlxalq müşahidəçilər hesab edirlər ki, İranın bu istiqamətdə atdığı addımlar yalnız regional təhlükəsizlik üçün deyil, qlobal sabitlik üçün də risk yaradır. Mövcud vəziyyət fonunda əsas suallardan biri budur ki, İranla ABŞ və İsrail arasında bu qarşıdurma hansı mərhələyə qədər gedə bilər? Diplomatik çıxış yolu tükənərsə, bölgədə genişmiqyaslı müharibə ehtimalı nə qədər realdır?
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, məncə,belə genişmiqyaslı müharibə üçün hələ şərait tam formalaşmayıb:
“Bütün bu proseslər İsrail-İran ,ABŞ-İran müharibəsinə doğru gedir.Bu müharibə qaçınılmaz kimi görünür.Çünki tamamilə zidd nöqtələrdə dayanıblar.İran nüvədən,ABŞ də onu dayandırmaq məqsədindən əl çəkmir.Yaxın şərq uğrunda İsrail hegemonluq mübarizəsindədir.İran özünü hegemon sayır.Tək həll yolu isə ,məncə,diplomatoyadan daha çox hərbdədir.Proses əvvəl-axır bu güclərin genişmiqyaslı müharibə sayəsində qarşıdurmasına çevriləcək.Yaxın zamanlarda isə söz savaşları və lokal xarakterli müəyyən zərbələri görə bilərik.
İran rəsmiləri onlar üçün qırmızı xətləin olduğunu açıqlayıblar.Nüvənin zənginləşdirilməsi məsələsinə kimsə qarışmamalıdır.Onlar üçün bu hədd 100 faiz də ola bilər.Amma belə reallıq var,nüvəni dinc məqsədlər üçün 60 faizə qədər inkişaf etdirməyə ehtiyac yoxdur.60 faizdən aşağı nəticələr belə, dinc məqsədlər üçün nüvə potensialından istifadəyə imkan verir.60-70 faizdən yuxarı zənginləşdirilmə gedirsə,bunun yalnız bir açıqlaması var.İranın nüvə silahı yaratmaq istəyi var.İran hər nə qədər bunu istəmədiyini desə də,addımları buna doğru irəlilləyir”.
Siyasi şərhçi hələ sülh danışıqlarına başlamaq üçün tez olduğunu deyir:
“İran bölgədəki proksi qüvvələrindən də imtina etmək istəmir.O qüvvələr ki, ABŞ-də davamlı olaraq onlarla əməliyyatlar keçirir,zərbələr endirir.İran tərəfi bölgənin siyasi həyatının əsas faktoru olmaq məqsədindən də dönmür.Qarşı tərəflərdən də İranın regional güc olmasına etiraz etməmələrini istəyir.Yəqin ki bu şərtlər daxilində sakitləşərək razılaşacaq.Nə ABŞ,nə İsrail buna razı olacaq”.
Həmçinin siyasi şərhçi qeyd edir ki, İranın nüvə silahına sahib olması Azərbaycan üçün ikibaşlı məsələdir:
“Biz bunu təhlükəli kimi qiymətləndirə bilərik.O baxımdan ki,İran tarixən Azərbaycanın müstəqilliyini istəməyən və onu öz sərhədləri daxilində bir region kimi görən şouvinist ideologiyaya sahib dövlətdir.Biz bunu fərqli şəkildə İran rəsmilərinin dilindən eşitmişik.Bu nöqtədə İranın nüvə dövləti olması onun toxunulmaz dövlətə çevrilməsi anlamına gəlir ki,bu da İrana cəsarət verəcək.Nəticədə,təkcə Azərbaycan deyil,ətrafında ərazi iddiası edən bütün dənizdənkənar ölkələrə müdaxilə edə bilər. İkinci bir məsələ kimi Azərbaycanın müstəqilliyi məsələsinə qısqanclıqla yanaşan tək dövlət İran deyil ki,şimal sərhədlərdə də Rusiya var. Tarixə baxanda da görürük ki,qısa boşluq anında uyğun vəziyyət yetişən kimi Rusiya həmişə Azərbaycanı işğal etmək siyasətindən çıxış edir.AXC-nin süqutu buna ,xanlıqların işğalı buna misaldır.Rusiyanın da nüvə silahı var.Amma nüvə silahının olması Rusiya kimi dünyanın ikinci ən böyük ordusunun necə gəldi Azərbaycana müdaxilə etməsi anlamına da gəlmir.Çünki Azərbaycan dünya siyasətində artıq öz yerini almış,sağlam təməllər üzərində xarici siyasət vektorlarını təyin etmiş və dünyada öz yeri,sözü olan ölkələrdən birinə çevrilməkdədir.Bu da Azərbaycanın müstəqilliyini şərtləndirən əsas amil kimi onun toxunulmazlığını da müəyyən qədər sığortaya alır.Necə ki, biz Rusiya və digər tərəflərlə sağlam münasibətlər qurub, diplomatiya səviyyəsində məsələləri həll edəcək qədər təcrübə və gücə sahibiksə, eyni zamanda Türkiyə, Çin, Amerika və Rusiya kimi dünyanın fərqli güc mərkəzləri ilə bərabər hüquqlu, qarşılıqlı əlaqələr qurmuşuqsa, sabah İran nüvə silahına sahib olsa belə, bu münasibətləri qorumaq mümkündür.
Azərbaycan sıradan ölkələrdən biri deyil ki,kimsə hər hansı texnoloji üstünlüyə çatıb deyə,ona qarşı hansısa radikal addımlar atsın.Hər ehtimalda İranın nüvə silahına sahib olması istənilməz bir reallıqdır və onun nüvə silahına sahib olması regionda münaqişələrin sayını artıracaq ,qarşıdurmaların regionda artmasına səbəb olacaq.Ona görə də İranın nüvə enerji siyasətində dünuanın daha qərarlı olması lazımdır.Təbii ki bunun yolu ona zərbələr endirməkdən keçmir.İstərdik ki,bu bütün dünya ictimaiyyəti tərəfindən diplomatiya yoluyla İranın nüvə silahı yaratmasının qarşısının birdəfəlik alınması ilə nəticələnsin”.
Səkinəbəyim Cəfərova