Rusiya-Ukrayna danışıqları davam edir-Sülh varmı?

Bölmə: Siyasət › ,
Tarix: 22:41 25.06.2025

Son günlər Rusiya-Ukrayna münasibətləri fonunda diplomatik proseslərin hələ də gündəmdə qalması regionda sülh imkanlarının tamamilə itmədiyini göstərir. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin “Ukrayna tərəfinin əhval-ruhiyyəsindən asılı olmayaraq, danışıqları aparmaq lazımdır” bəyanatı bu istiqamətdə diqqət çəkən açıqlamalardan biri oldu. Narışkin bildirdi ki, ciddi irəliləyiş olmasa belə, hər mərhələdə, o cümlədən humanitar məsələlərlə bağlı müəyyən problemlərin həlli mümkündür.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rizvan Hüseynov bildirib ki, bu danışıqlara baxmayaraq, prosesin fonunda hərbi əməliyyatların davam etməsi real ssenaridir:


“Əslində, zənnimcə, danışıqlar getdikcə əfsuslar olsun, hərbi əməliyyatlar da davam edəcək. Nə Rusiya, nə Ukrayna bu vəziyyətə razı deyillər. Hər iki tərəf üstünlük əldə etməyə çalışır. Amma üstünlük Rusiya tərəfindədir. Ukraynanın xeyli ərazisini işğal edib və işğalı möhkəmləndirmək istəyir”.


Rizvan Hüseynov qeyd edib ki, bu danışıqlarda əsas diqqət humanitar məsələlərə – yaralı və əsirlərin dəyişdirilməsinə yönəlib. Onun sözlərinə görə:


“Humanitar məsələlərin danışıqlar vasitəsilə həlli mümkündür, lakin bundan artıq irəliləyiş gözləməyə dəyməz. Rusiya bu prosesi uzadaraq işğal etdiyi ərazilərdə möhkəmlənmək istəyir”.


Politoloq hesab edir ki, Rusiya Qərbin Ukraynaya dəstəyinin zəifləməsindən istifadə etməyə çalışır:


“Amerika və Qərb hazırda İsrail və ətrafındakı münaqişələrə fokuslanıb. Rusiya da bu boşluqdan istifadə edərək yeni ssenarilər həyata keçirmək istəyir. Amma ümid edirəm ki, axıra qədər bu planları reallaşdıra bilməyəcək”.


Solmaz Muradova