Azərbaycan-Özbəkistan nəqliyyat əməkdaşlığı

Bölmə: Siyasət › ,
Tarix: 14:14 04.07.2025

Azərbaycan və Özbəkistan nəqliyyat və logistika sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə müntəzəm dialoqun aparılması və qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəlib. Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşdən sonra verdiyi açıqlamaya əsasən, tərəflər həm cari imkanları, həm də gələcək nəqliyyat layihələrini nəzərdən keçirərək regional inteqrasiyanı dərinləşdirməyi hədəfləyir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib ki, belə razılaşmalar Azərbaycanın geoiqtisadi mövqeyini daha da möhkəmləndirə bilər:


“Azərbaycanın nəqliyyat sahəsində yaratdığı infrastruktur ölkəmizin Şərq-Qərb və eləcə də, Şimal-Cənub istiqamətləri arasında mühüm və həlledici, həmçinin əlverişlilik baxımından ən alternativsiz mərkəzə – tranzit vasitəsinə çevrilməsini artıq təmin etmişdir. Bütün bunlar göz qarşısındadır. Və bundan yararlanmaq qeyd olunan istiqamət üzərində və ətrafda yerləşən demək olar bütün ölkələrin marağındadır. Sadəcə, potensialdan istifadə etmək lazımdır.


Özbəkistan Mərkəzi Asiyanın ən önəmli ölkələrindən biridir. Odur ki, Özbəkistan tərəfi ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə müntəzəm dialoqun aparılması və qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası, şübhəsiz ki, ölkəmizin mövcud iqtisadi-siyasi və regional əhəmiyyətini indikindən bir az da çox artıra bilər və artıracaq. Çünki, Mərkəzi Asiya ölkələrinin Xəzər üzərindən Qərbə çıxışı baxımından Azərbaycanın həqiqətən də çox böyük geoiqtisadi üstünlükləri vardır. Və təkrar edirəm ki, bundan sadəcə istifadə etmək və yararlanmaq lazımdır.


Odur ki, ikitərəfli müntəzəm dialoqların və koordinasiyanın zəruriliyi çox da geniş izahat tələb etmir. Bu, bütün tərəflər üçün yalnız fayda gətirə bilər və bütövlükdə regional inkişafa gətirib çıxarar. Təbii ki, nəticədə də Azərbaycanımızın tranzit gəlirləri və iqtisadi sabitliyi davamlı olaraq dividentlər qazana və götürə bilər”.


Solmaz Muradova