Azərbaycan ABŞ ilə dostluq və tərəfdaşlığa xüsusi önəm verir-Prezident

Bölmə: Siyasət › ,
Tarix: 21:31 04.07.2025

Azərbaycan Birləşmiş Ştatlarla dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət verir.

 

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-nin milli bayramı – Müstəqillik Günü münasibətilə amerikalı həmkarı Donald Trampa ünvanladığı təbrik məktubunda qeyd olunub. Məktubun mətnini Prezidentin mətbuat xidməti yayıb.

 

Azərbaycan Prezidenti vurğulayıb ki, iki ölkə arasında sıx tərəfdaşlığın xarakterik cəhətlərindən biri beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmlə və onun müxtəlif təzahürləri ilə mübarizə, enerji təhlükəsizliyi və digər vacib sahələrdə aktiv və səmərəli əməkdaşlıqdır.

 

“Qeyd etmək istərdim ki, Amerika Birləşmiş Ştatları uzun illərdir ki, Azərbaycanın enerji sahəsində sadiq tərəfdaşıdır. Yaxşı ənənələrə əsaslanan və möhkəm təməl üzərində qurulan əməkdaşlığımız bu sahədə bu gün də uğurla davam edir”, – deyə Prezident İlham Əliyev bildirib.

 

Anadolu Agency

Ayan Əsgərova