Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi

Tarix: 21:31 04.07.2025
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə yeni əsir mübadiləsinin həyata keçirildiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, 2 iyun tarixində İstanbulda keçirilən ikinci raund danışıqları zamanı əldə olunan razılaşmalar əsasında bu gün tərəflər arasında yeni əsir mübadiləsi baş tutub.
Nazirliyin yaydığı açıqlamada qeyd olunub: “2 iyun tarixində İstanbulda əldə edilən Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq, 4 iyulda Kiyev rejiminin nəzarətində olan ərazilərdən bir qrup rus hərbçisi geri qayıdıb”.
Bildirilib ki, bir qrup ukraynalı hərbçi də qarşı tərəfə təhvil verilib. Hazırda rus hərbçiləri Belarus ərazisində yerləşdirilib. Onlara zəruri psixoloji və tibbi yardım göstərilir. Nazirlik əlavə edib ki, bütün rus hərbçilər Rusiya Müdafiə Nazirliyinin səhiyyə müəssisələrində müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski isə sosial media hesabında paylaşım edərək bildirib:
“Mübadilə prosesi davam etməlidir və bunu təmin edən hər kəsə təşəkkür edirəm”.
Haber Global
Nuray Əliyeva