Aİ İranın nüvə proqramını dəstəkləmir

Tarix: 21:29 04.07.2025
Avropa Komissiyasının sözçülərindən Anuar El Anuni İranın nüvə proqramında “etibarlı mülki məqsəd” olmadığını bildirib.
El Anuni Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Aİ-nin İranın nüvə proqramı siyasəti ilə bağlı sualları cavablandırıb.
O, İranın nüvə proqramının “etibarlı” mülki istifadə məqsədi daşımadığını qeyd edərək Tehranı Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsindəki öhdəliklərini “tam şəkildə yerinə yetirməyə” çağırıb.
El Anuni Aİ-nin İranın nüvə silahı hazırlamasına qarşı olduğunu bir daha vurğulayaraq bu istiqamətdə davamlı həll yolunun tapılması üçün bütün diplomatik səylərə töhfə verəcəklərini bildirib.
Bundan əlavə, El Anuni İranın əməkdaşlığı dayandırdığı Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və onun rəhbəri Rafael Qrossiyə dəstək verdiklərini qeyd edib.
Xatırladaq ki, İran Qrossini İsrail və ABŞ-nin ölkədəki nüvə obyektlərinə qarşı hücumlarını əsaslandırmaq və İsrailin adından casusluq etməkdə ittiham edib. Bundan sonra Qrossinin ölkəyə girişinə icazə verilməyəcəyini açıqlayıb.
Haber Global
Nuray Əliyeva