Daha bir güləşçimiz Avropa çempionu olub

Bölmə: İdman › ,
Tarix: 21:20 04.07.2025

 


"Günay Qurbanova hər zaman potensialı ilə seçilən idmançı olub. O Ukrayna Güləş Məktəbinin yetirməsidir və Ukraynada qadın güləşi güclüdür. Ona görə də Günayın yaxşı məktəbi olub, onunla bərabər ondan bir neçə yaş böyük olan bacısı Leyla Qurbanovada da İslam oyunları qalibidir".


Bu sözləri Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, o həmçinin Yeniyetmə Olimpiada gümüş medalçısı, Gənclər Arasında Dünya Çempionudur:


"Bacısının da böyük potensialı var idi. Sadəcə zədəsinə görə karyerasını davam etdirə bilməyib.
Günay Qurbanova potensialını bir qədər gec olsa da, açıb. O ötən il ilk medalını, ciddi uğurlar qazanmağa başlayıb. Yeniyetmələr Arasında Dünya və Avropa üçüncüsü olub, bu il isə tamamilə fərqli güləşir. Burada şəxsi məşqçisi olan Toğrul Əsgərovun da böyük rolu var. Sırf onunla xüsusi olaraq işləyir, həm də yığma komandanın baş məşqçisini əvəz edir. Bu ildən həqiqətən də nəticələri göz oxşayır. Əvvəlcə reytinq turnirinin qalibi olub, həm də reytinq turnirinin finalında milli komandamızın təcrübəli üzvü Avropa Çempionu üzərində qələbə qazanıb. Bu artıq böyüklərdə ilk yarış idi və ilk yarışdan qızıl medal qazanıb, baxmayaraq ki, 17 yaşı var idi. 17 yaşında özündən 5 yaş böyüklərin turnirinə qatılıb. 23 Avropa Çempionatının qalibi olub və ən sonda, hazırda 20 Avropa Çempionatının qalibidir. O bir nəfəsə rəqiblərinə qalib gəlib. 23 Avropa Çempionatında və reytinq turnirində qələbə qazanan bir idmançı üçün 20 Avropa Çempionatına qalib gəlmək də çətin deyil idi".


Müsahibimizin sözlərinə görə, qadın güləşində istənilən bir uğur gənc nəsilə örnəkdir:


"Xüsusən də azərbaycanlı bir qadının uğur qazanması, digər qızlara, yeniyetmələrə bir motivasiya, stimul rolu oynayır. Necə ki, bir neçə gün bundan öncə Avropa Çempionatında ilk dəfə iştirakına baxmayaraq qızıl, gümüş, bürünc medal qazanıblar. Bütün bunlar hamısı Azərbaycanda qadın güləşinin inkişafıan təkandır.
Qarşıda 3 böyük yarış var: U-20 Çempionatı, Böyüklərin Dünya Çempionatı və U-23 Dünya Çempionatı. Günay hər 3 yarışda iştirak edə bilər, ancaq böyük ehtimal ilə Böyüklərin Dünya Çempionatına baş məşqçi əvəzçisi Toğrul Əsgərov onu qoymayacaq. Amma ilk növbədə o avqustda, Bolqarıstanda keçiriləcək U-20 Dünya Çempionatına hazırlaşacaq. Oktyabrda isə Serbiyada keçiriləcək olan U-23 Dünya Çempionatına hazırlaşacaq".


Zəhra Möhübbətova