ABŞ Ukraynaya Patriot raketləri göndərəcək-Tramp

Tarix: 12:08 14.07.2025
ABŞ Prezidenti Donald Tramp Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin göndəriləcəyini açıqlayıb. O, Merilenddə jurnalistlərə bildirib ki, "Ukraynanın bu sistemlərə ciddi ehtiyacı var". Tramp, Rusiya lideri Vladimir Putinin sülh danışıqlarına yanaşmasından narazı qaldığını da vurğulayıb: "Gözəl danışır, amma gecələr insanları bombalayır".
Tramp dəqiq neçə ədəd Patriot batareyası göndəriləcəyinə dair qərar vermədiyini, lakin Ukraynanın müdafiəyə ehtiyacı olduğunu qeyd edib. O, bu həftə NATO Baş katibi Mark Rutte ilə görüşərək Kiyevə silah tədarükünü müzakirə edəcək. Tramp əlavə edib ki, Rusiya ilə bağlı əsas bəyanatla çıxış edəcək.
Digər tərəfdən, ABŞ senatoru Lindsi Qrem Rusiyaya dəstək verən ölkələrə 500 faiz rüsum tətbiq olunmasına imkan verən sanksiya paketi təqdim edib. Qanun layihəsi Trampa bu məsələdə tam səlahiyyət verir.
Mənbə : Al Jazeera
Qəmər Kazımzadə