Azərbaycanın paytaxtı-Antagonistlərin cəlb nöqtəsi

Bölmə: Sosial › ,
Tarix: 16:54 14.07.2025

Suriyadan olan diplomatik mənbənin bildirdiyinə görə, Suriya və İsrail rəsmiləri arasında Bakıda baş tutan danışıqlar dünya mediası və analitiklərinin böyük marağına səbəb olub. Danışıqlar Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şəraa-nın Azərbaycana səfəri çərçivəsində keçirilib.


Suriya və İsrailin uzun illərdir müharibə vəziyyətində olması səbəbindən belə bir görüşün özü artıq sensasiya hesab olunur. Əsas diqqət isə danışıqların məzmununa yox, keçirildiyi yerə – Bakıya yönəlib.

 

Azərbaycanın paytaxtı daha öncə də qarşı-qarşıya olan tərəflərin “protokolsuz, amma siyasi əhəmiyyətli” görüşlərinə ev sahibliyi edib. Məsələn, yaxın zamanlarda Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasına töhfə verən danışıqlar da Bakıda baş tutub. Habelə 2018-ci ilin aprelində Rusiya və NATO nümayəndələrinin görüşü məhz Bakıda keçirilib.

 

Azərbaycanın Avropa ilə Asiya arasında körpü mövqeyi artıq coğrafi deyil, strateji üstünlüyə çevrilib. Xarici işlər nazirinin müavini Elnur Məmmədovun 11-12 iyul tarixlərində Dubrovnikdə keçirilən forumda dediyi kimi, Azərbaycanın etibarlı nəqliyyat-logistika dəhlizi kimi artan əhəmiyyəti Avropa-Asiya əlaqələrini gücləndirir. Buna misal olaraq Cənub Qaz Dəhlizi və Orta Dəhliz göstərilə bilər.

 

Bununla yanaşı, Azərbaycanın Türk Dövlətləri Təşkilatı, Aİ, Türkiyə, Çin, ərəb ölkələri, İsrail və İranla qurduğu balanslı münasibətlər ölkəni Avrasiya dialoqunun nadir iştirakçısına çevirir. Azərbaycan böyük bəyanatlar səsləndirmədən, aqressiv siyasətdən uzaq şəkildə təsir gücünü artırır, vasitəçilik qabiliyyəti ilə seçilir.

 

Beləliklə, Suriya-İsrail danışıqları üçün Bakının seçilməsi Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş və neytral platforma kimi qəbul olunmasının sübutudur. Qlobal qeyri-sabitlik dövründə Bakı Şərq və Qərbin, Şimal və Cənubun dialoqu üçün bir imkan məkanına çevrilib. Azərbaycanın əsas gücü də bu siyasi sabitlik və iqtisadi tarazlıqda yatır.


Caliber
Billurə Quliyeva