Ukraynaya əlavə "Patriot" sistemləri göndərilib

Tarix: 21:18 14.07.2025
ABŞ Prezidenti Donald Tramp Ukraynaya əlavə “Patriot” zenit-raket komplekslərinin tədarük olunduğunu bəyan edib.
“Avropa Həqiqəti”nin məlumatına görə, Tramp bu barədə bazar ertəsi NATO-nun Baş katibi Mark Rutte ilə görüşdən sonra jurnalistlərə açıqlama verib.
O bildirib ki, Ukraynaya göstərilən hərbi yardım Avropa dövlətlərinin hesabına həyata keçirilir və bu çərçivədə “Patriot” sistemləri ilə də təminat nəzərdə tutulur:
“Onların bir qismi artıq yoldadır – əslində, bir neçə gün ərzində Ukraynaya çatacaq. ‘Patriot’ sistemlərinə sahib bir neçə ölkə onları müvəqqəti olaraq Ukraynaya verəcək, biz isə həmin ölkələrə əvəzləyici sistemlər göndərəcəyik”, – deyə Tramp izah edib.
ABŞ Prezidenti əlavə edib ki, “Patriot” sistemlərini yerləşdirməyə hazır olan bir ölkə var. Həmin ölkənin adı açıqlanmasa da, Tramp qeyd edib:
“Hazırda 17 ədəd ‘Patriot’ sistemini və ya onların əhəmiyyətli hissəsini döyüş meydanına göndərmək üçün razılaşma üzərində işləyirik. Bunu çox qısa müddət ərzində reallaşdırmaq mümkündür”.
Mənbə :Caliber
Aytən Ağazadə