Aİ-dən Slovakiyaya Rus qazı əvəzinə zəmanət

Tarix: 17:19 15.07.2025
Avropa İttifaqı (Aİ), Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair sanksiya paketinin qəbuluna mane olan Slovakiyanı sakitləşdirməyə çalışıb. Slovakiya xəbərdarlıq edib ki, Rus qazından imtina enerji tədarükündə çatışmazlıqlara və qiymət artımına səbəb ola bilər.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Slovakiyanın Baş naziri Robert Fikoya ünvanladığı məktubda, əgər qaz qiymətləri sürətlə yüksələrsə, fövqəladə mexanizmin necə işə salınacağına dair izahat veriləcəyini bildirib. Məktubda Aİ-nin Slovakiyaya sərhədlərarası qaz və neft tariflərinin azaldılması ilə bağlı da öhdəlik götürdüyü qeyd olunub. Həmçinin, qaz idxalından çıxış nəticəsində yarana biləcək hüquqi mübahisələrdə Bratislavaya yardım etməyə hazır olduğu vurğulanıb.
Brüssel prosesin xüsusilə Slovakiya kimi təsirlənəcək ölkələrlə sıx koordinasiyada aparıldığını, keçidin tədricən və idarə olunmuş şəkildə həyata keçiriləcəyini qeyd edib.
Aİ xarici işlər nazirlərinin çərşənbə axşamı keçiriləcək görüşündə sanksiya paketini yekunlaşdırmağı planlaşdırır. Paket bütün 27 üzv dövlətin yekdil razılığı ilə qəbul edilməlidir.
Bununla belə, Slovakiya qaz embarqosunun qarşısını təkbaşına ala bilməyəcək, çünki bu qərarın qəbul edilməsi üçün yalnız gücləndirilmiş səs çoxluğu tələb olunur.
ANEWZ
Güllər Gülhüseynova