Lerik və Astarada kənd təsərrüfatı əvəzinə turizm inkişaf etdirilsin – Deputatdan təklif

Bölmə: Sosial › ,
Tarix: 18:07 18.07.2025

 


Milli Məclisin plenar iclasında çıxış edən deputat Vasif Qafarov Lerik və Astara rayonlarının kənd təsərrüfatı üçün əlverişsiz olduğunu bildirib. Onun fikrincə, bu ərazilərin təbii və iqlim şəraiti əkinçilik üçün uyğun deyil, buna görə də torpaqların turizm məqsədilə istifadəsi daha məqsədəuyğundur. Deputat bu istiqamətdə hüquqi və inzibati dəyişikliklərin aparılmasını təklif edib.


Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov "İnformator.az"a açıqlamasında bildirib ki, əslində bu, maraqlı fikirdir:


"Belə ki, bu Lənkəran və Astara ərazisində ola bilər. Kənd təsərrüfatı üçün təyinatlı torpaqlar çox olsa da, bundan məhsuldarlıq və s. baxımından o qədər də effektiv istifadə edilmir.Amma onu da qeyd etmək lazımdır ki, bunun biri digərinə mane olmur. Yəni, orada həm kənd təsərrüfatı, həm də kənd turizmi və s. inkişaf edə bilər. Turizm elə bir sahədir ki, əslində digər sahələri müəyyən qədər təşviq edir.

Bu, maraqlı və doğru fikirdir ki, bəzi torpaqların daha rahatlıqla təyinatının dəyişdirilməsi həmin ərazilərdə biznesin daha da inkişafına səbəb ola bilər. Bu da həm yeni iş yerlərinin açılmasına dəstək ola bilər, həm də həmin ərazidə iqtisadi fəallığa müsbət təsir göstərə bilər.


Bu istiqamətdə investisiyaların artmasına gətirib çıxara bilər ki, nəticədə həmin ərazilərdə ciddi iqtisadi canlanma baş verər. Beynəlxalq təcrübədə də bu kimi yanaşmalar var.


Əslində torpaqların daha asan və rahat şəkildə — ümumiyyətlə, qaydaların mümkün qədər sadə olması iş adamlarını daha çox cəlb edir. Bu da həmin ərazilərə investisiyaların daha həvəslə qoyulmasına şərait yaradır.


Oradakı torpaqların təyinatı məsələsində işgüzar məqsədlər üçün istifadə olunması, eləcə də qanunvericilikdəki güzəştlər və qaydalar iş adamlarını daha çox cəlb edir. Onlar da rahat şəkildə investisiya qoyaraq biznesi orada genişləndirir, yeni iş yerləri açırlar. 

Eyni zamanda turizm olduğuna görə həmin əraziyə daha çox turist gəlir. Bu isə həm vergi daxilolmalarını artırır, həm də yeni iş yerlərinin açılması, mal mübadiləsi və digər müsbət dəyişikliklərə səbəb olur.


Əgər haradasa hektarlarla istifadə olunmamış və yaxud kənd təsərrüfatı təyinatlı, amma boş və istifadə edilməyən örüş torpaqları qalırsa və həmin ərazilərdə iqtisadi fəallıq zəifdirsə, bu istiqamətdə atılacaq addımlar yaxşı nəticələr verə bilər.


Bu dəyişiklik iş adamlarının və investisiyaların həmin bölgələrə cəlb olunmasına gətirib çıxarar. Əgər torpaq islahatları nəticəsində bu boş torpaqlarda canlanma yaranırsa və turizm inkişaf edirsə, bu, eyni zamanda bir neçə digər sahənin də aktivləşməsinə səbəb olar.Əlbəttə ki, bu kimi addımların atılması həmin ərazilərdə iqtisadi mənzərəni tamamilə dəyişə bilər".



Xəlilli Nigar