Bəzi ixtisaslar 5 ilə ləğv ediləcək

Tarix: 17:50 18.07.2025
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bəzi peşələrin yaxın illərdə aktuallığını itirəcəyini bildirib. O qeyd edib ki, texnologiyaların sürətli inkişafı səbəbindən gündəlik eyni tipli işləri yerinə yetirən ixtisaslar artıq əmək bazarında tələbdən düşür. Təxminən 5 ilə həmin sahələr üzrə kadr hazırlığı dayandırıla bilər.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi "İnformator.az"a açıqlamasında bildirib ki, deməli, Məleykə Abbaszadə bugünkü açıqlamasında qarşıdakı beş il ərzində bəzi ixtisasların tədricən sıradan çıxacağını bildirib:
"Amma ümumilikdə, əlbəttə, süni intellektin, texnologiyanın və informasiya texnologiyalarının sürətli inkişafı onu deməyə əsas verir ki, yaxın 10 il ərzində biz bir çox istehsalat sahəsində — hansı ki, insan əməyindən istifadə olunan sahələrdir — onların əsasən robotlarla əvəz olunacağını görəcəyik. Və yaxud avtomatlaşmış sistemlər vasitəsilə artıq bütün proses həyata keçiriləcək. İnsan əməyinə az ehtiyac yaranacaq.
O cümlədən əmək bazarında, hansı ki, hazırda tələb kimi, məsələn, marketinq və yaxud operator, rejissor və s. kimi sahələr üzrə ehtiyac varsa, onların da tədricən sıradan çıxacağı gözlənilir.
Qeyd edim ki, bununla paralel olaraq, arxiv işi, kargüzarlıq, sənəd işləri və yazı-pozu işləri kimi sahələrə aid ixtisasların da tədricən sıradan çıxarılacağı gözlənilir.
Hazırda bəzi ali təhsil müəssisələrində sadəcə kadr yetişdirmək üçün saxlanılan ixtisaslar mövcud olsa da, düşünürəm ki, onların plan yerləri artıq olmamalıdır. Həmin ixtisasların plan yerləri azaldılmalıdır.
Məsələn, burada “muzey-arxiv işlərinin qorunması”, “kargüzarlıq və arxiv işi” ixtisasları göstərilə bilər. O cümlədən insan əməyini tələb edən digər sahələr də var ki, həmin sahələrdə avtomatlaşdırılmış sistemlər bu funksiyaları həyata keçirə biləcək.
Qarşıdakı illərdə məhz bu sahələr üzrə ya plan yerləri azaldılmalıdır, ya da ümumiyyətlə ixtisaslar ləğv olunmalıdır.
Əlavə olaraq qeyd edim ki, süni intellektin təsiri ilə bəstəkarlıq, rejissorluq, operatorluq kimi sahələr də risk altındadır. Digər tərəfdən isə yeni ixtisaslar — əsasən data analitikası, verilənlərin təhlili, gen mühəndisliyi, biotexnologiyalar və kibertəhlükəsizlik sahələri — artıq yaranmaqda və inkişaf etməkdədir.Bunlar gələcəkdə daha çox tələbat duyulan sahələr olacaq.Gənclər ixtisas seçərkən mütləq əmək bazarını araşdırmalıdırlar. Yaxşı olar ki, mütəxəssis rəyi alsınlar və faktiki əmək bazarında hazırda tələbat olan ixtisaslara deyil, qarşıdakı 10–15 il ərzində hansı ixtisaslara tələbat olacaqsa, məhz o ixtisaslara üstünlük versinlər".
Xəlilli Nigar