Əş-Şara hakimiyyətinə qarşı strateji təzyiq-İsrailin Dəməşqə zərbələri

Bölmə: Siyasət › ,
Tarix: 18:37 18.07.2025

İsrail qüvvələri Suriyanın paytaxtı Dəməşqdə yerləşən prezident sarayına hava zərbələri endirib. Bu hücum Suriyanın təhlükəsizlik vəziyyətində gərginlik yaratmağa davam edir.


İsrailin Dəməşqdə prezident sarayını vurmasının səbəbləri nə ola bilər? Və bu hücum Suriyanın daxili siyasətinə və təhlükəsizliyinə necə təsir göstərə bilər?

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı "İnformator.az"a bildirib ki, İsrailin Dəməşqə zərbələri açıq-aşkar bəllidir:

 

"Bu, Suriya hakimiyyətinin druzları mərkəzi hakimiyyətə tabe etmək siyasətinə qarşı atılmış kənar bir müdaxilədir. Burada bir məsələni diqqətdə saxlamalıyıq ki, Əhməd Əş-Şara ilk gündən deyib ki, mən bütün Suriya vətəndaşlarının prezidenti olacağam. Ona görə də Əhməd Əş-Şara çalışır ki, bütün vətəndaşları mərkəzləşdirilmiş hakimiyyət çətiri altına toplasın. Bu isə İsrailə sərf etmir, çünki İsrail tərəfi düşünür ki, orada qurulan hakimiyyət sabah Ankaraya meyilli siyasi addımlar həyata keçirə bilər, bu da İsrailin bölgədəki maraqlarını zərbə altına qoya bilər. İsrail çalışır ki, ya hakimiyyətə Tel-Əvivə meyilli bir adamı keçirib onun rəhbərliyi altında mərkəzi hakimiyyəti formalaşdırsın, ya da dağılmış Suriya reallığı qalsın ki, İsrailin maraqlarına zidd olan yeni reallıq qurulmasın. Druzlar da bu nöqtədə İsrail üçün çox effektiv bəhanədir və biz gördük ki, bu son hadisələr fonunda İsrail məhz bu bəhanədən yaxşı istifadə edib və Əş-Şara hakimiyyətinə zərbə vurmaq üçün əməli addımlar atıb".

 

Ekspert bildirib ki, Əhməd Əş-Şara atdığı bütün addımları təkbaşına koordinasiya etmir, o, tərəfdaş olan digər ölkələrlə davamlı məsləhətləşmə içərisindədir:


"Yəni atılan bütün addımlar əvvəlcədən planlaşdırılıb və risklər nəzərə alınır və buna uyğun hərəkət edilir. Bu, Suriyanın daxili siyasətinə, dövlət təhlükəsizliyinə ciddi fəsad verməyəcək. Əş-Şara hakimiyyəti bu gün təkcə Türkiyə və ya Azərbaycanla deyil, Amerikanın da maraqlarını nəzərə alır, onlarla siyasi məsləhətləşmə içərisindədir. ABŞ anlayır ki, Suriyada hansısa radikal dini cərəyanların hökümran olacağı siyasi sistemdənsə, elə sivil dövlətçilik modelinə keçməyə çalışan bir iqtidarın bərqərar olması onun maraqları üçün daha yaxşı ola bilər. İsrail atdığı addımları ABŞ ilə koordinasiya olmadan həyata keçirməyəcək və bir nöqtədə ABŞ tərəfi də İsrailin Suriyanın təhlükəsizliyinə ciddi zərbə vuracaq hansısa addımlar atmasından çəkinməsinə səbəb olacaq".


Türkan Kərimli