Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır

Tarix: 17:55 18.07.2025
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını Ukraynada aparılan məcburi səfərbərlik siyasətinə qarşı çıxmağa çağırıb.
"Biz Brüsselin qapısını döyürük və tələb edirik ki, Ukraynada məcburi hərbi səfərbərliyə qarşı mövqe bildirilsin", – deyə Orban vurğulayıb.
Mövzu ilə bağlı Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqı bütövlükdə Ukraynanın hərbi siyasətini dəstəkləyir:
"Avropa İttifaqı bütövlükdə Ukraynanın hərbi siyasətini dəstəkləyir, lakin bu yanaşma Avropa daxilində birmənalı qarşılanmır. Xüsusilə Macarıstan və Slovakiya müharibənin davamlı olmasına qarşı çıxış edən ölkələrdəndir. Həm Budapeşt, həm də Bratislava fərqli yanaşma sərgiləməyə çalışır. Onlar hesab edirlər ki, bu siyasət Avropa ölkələrinin öz maraqlarına ziddir.Çünki müharibə davam etdikcə Avropa ölkələrinin silah-sursat ehtiyatları tükənir və onlar Ukraynaya dəstək vermək üçün öz resurslarını bölüşmək məcburiyyətində qalırlar. Bu isə nə iqtisadi, nə də siyasi baxımdan Avropa üçün faydalı nəticələr verməyib. Eyni zamanda, Avropa ölkələri ABŞ-lə də bu məsələdə fikir ayrılığı yaşayır, istənilir ki, Vaşinqton da Avropa qədər maddi və hərbi dəstək göstərsin.
Uzunmüddətli müharibələr cəmiyyətləri yorur, dövlətlərin imkanlarını tükəndirir, strateji resurs çatışmazlığına səbəb olur və nəhayət, insan kapitalını məhv edir. Hazırda biz bunun nəticələrini Ukraynada aydın şəkildə görürük. Təbii ki, Rusiya da itkilər verir, lakin müharibənin birbaşa Ukrayna ərazisində baş verməsi bu ölkənin daha böyük dağıntılarla üzləşməsinə səbəb olur. Ukrayna artıq ərazi itkiləri ilə razılaşmalı olur. Digər tərəfdən, ölkənin gənc nəsli demək olar ki, pərən-pərən düşüb. Təxminən 10 milyon insan Ukraynanı tərk edib. Bu da sirr deyil ki, onların arasında çoxlu sayda çağırış yaşında olan gənclər var ki, müharibədən yayınmaq üçün ölkədən çıxıblar. Qalanların bir çoxu isə artıq məcburi səfərbərliklə orduya aparılır. Bu gün səfərbərlik prosesi Ukraynada narahatlıq doğuran, hətta ictimai həyəcana səbəb olan ciddi bir məsələyə çevrilib. Digər tərəfdən, Rusiya Ukraynanı demoqratik göstəricilər, istehsal gücü və hərbi sənaye kompleksi baxımından üstələyir. Ukraynada artıq ciddi resurs çatışmazlığı özünü göstərməyə başlayıb. Xüsusilə canlı qüvvə qıtlığı göz önündədir. Avropanın verdiyi mənəvi və texniki dəstəyə baxmayaraq, Ukrayna son ehtiyatlarını da döyüşlərə səfərbər etmək məcburiyyətində qalır. Bu isə uzunmüddətli və ümidverici nəticə vəd etmir. Xatırladaq ki, bu müharibə 2022-ci il fevralın 24-də başlayıb. Rusiya bu hərbi müdaxiləni “xüsusi hərbi əməliyyat” adlandırsa da, əslində bu, Ukrayna ərazisində aparılan genişmiqyaslı müharibədir. Burada Rusiya açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü pozub. Moskvanın əsas arqumenti isə ondan ibarət idi ki, o, guya öz təhlükəsizliyini təmin etmək üçün bu addımı atıb.
Rusiyanın iddiasına görə, Qərb hələ 2010-cu illərdən etibarən Ukraynada siyasi sabitliyi pozan müdaxilələrə başlayıb. Seçkilər ətrafında yaşanan dalğalanmalar, ardınca Şərqdən və Qərbdən gələn müdaxilələr, nəticədə isə Qərbin Ukraynanı hərbi baxımdan Rusiyaya qarşı hazırlamağa başlaması artıq gizli fakt deyil.Rusiyanın fikrincə, Qərb bu prosesdə iki əsas məsələdə uğursuz oldu: birincisi, Ukraynanın hava qüvvələrini lazımi səviyyəyə çatdıra bilmədi, ikincisi isə Qara dənizin dibi ilə Ukraynaya qaz və neft kəməri çəkərək onu Rusiya enerji asılılığından xilas etmək planı baş tutmadı. Bu isə Ukraynanın tam şəkildə Qərb blokuna inteqrasiyasını ləngidib.
2014-cü ildə Rusiya Krımı özünə birləşdirdi. Rusiya bunu "seçki yolu ilə" həyata keçirdiyini iddia etsə də, Qərb bunu işğal kimi qəbul etdi və həmin seçkilərin qanuniliyini tanımadı. Moskva isə başa düşürdü ki, əgər bu addımı atmasa, Krım Yarımadasında yerləşən və Sovet dövründən qalma strateji hərbi-dəniz bazasını itirəcək. Krım Rusiyaya həm strateji, həm hərbi, həm də tarixi baxımdan həyati əhəmiyyət daşıyırdı. Xüsusilə nəzərə alsaq ki, Krım 1954-cü ildə Sovet lideri Nikita Xruşşovun qərarı ilə Ukraynaya “hədiyyə” edilmişdi. Moskva bu qərarla heç vaxt barışmamışdı və bu səbəbdən də Krımın geri qaytarılmasını Rusiya üçün "hava və su qədər vacib" hesab edirdi. Çünki Krımda yerləşən Rusiya hərbi-dəniz donanmasının bazası strateji baxımdan əvəzolunmaz bir obyekt idi. Rusiya da başa düşürdü ki, bu bazanı nə bahasına olursa-olsun, Ukraynadan ayırmalı, Krımı qoparmalıdır. Məhz bu səbəbdən Rusiya Krımı öz nəzarətinə keçirdi.
Hazırkı vəziyyətdə isə Qərb yenə də Ukraynaya dəstək verməyə çalışır və bu yolla müharibənin uzanmasına şərait yaradır. Viktor Orban isə anlayır ki, bu problem iki tərəfli xarakter daşıyır və onun təsirləri qonşu ölkələrə, o cümlədən Macarıstana da toxuna bilər. Bu proseslərin hansı nəticələr doğuracağını isə indidən təxmin etmək çətindir. Əgər bu məsələlər Avropa İttifaqının gündəliyinə gələcəkdisə, Macarıstan buna veto qoyacaq və heç bir dəstək verməyəcək. Prinsip etibarilə, bu, Ukraynanın daxili məsələsidir. Lakin Brüsselin bu məsələyə münasibətində aydın şəkildə siyasi fəallıq və Ukraynaya şərtsiz dəstək müşahidə olunur.Bu isə ,əslində, çox mürəkkəb və ağırlıqlı bir məsələdir. Avropa İttifaqına üzv ölkələr arasında da bu mövzu ilə bağlı fikir ayrılıqları və ziddiyyətlər mövcuddur və bu, tamamilə təbiidir. Çünki uzun sürən müharibələr cəmiyyətlərdə yorğunluq yaradır. Avropa isə tarix boyu, xüsusilə ötən əsrlərdə, bir çox müharibələr yaşamış qitədir və bu cür gərginliklərə qarşı həssas yanaşır".
Səmayə Səftərova