ÖZBƏKİSTAN VƏ AZƏRBAYCAN PREZİDENTLƏRİ FÜZULİYƏ GETDİLƏR
Bölmə: Siyasət › ,Tarix: 21:28 23.08.2023
Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonunda olub. Füzulidən sonra dövlət başçıları və xanımları Şuşaya gediblər. Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonuna gedib. Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olub. Prezidentlər və xanımları yeni dərs ilində bu məktəbdə təhsilə başlayacaq şagirdlərlə, eləcə də burada işləyəcək müəllimlərlə söhbət ediblər.
Daha sonra ölkə başçıları Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Füzulidə görülən işlərlə bağlı məlumat verib.
Fizulidən sonra Dövlət başçıları və xanımları Şuşa şəhərinə səfər ediblər. Saatlı məscidində olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilən heykəllərinə baxıblar. Şuşanın Baş planı ilə tanışlıqdan sonra prezidentlər və xanımları Natəvan bulağında, Yuxarı Gövhər Ağa məscidində, Bülbülün ev-muzeyində, Mehmandarovların malikanə kompleksində, Cıdır düzündə olublar.