RƏSMİ BAKI KANADANI QƏRƏZLİ MÖVQEDƏN ÇƏKİNMƏYƏ ÇAĞIRDI
Bölmə: Siyasət › ,Tarix: 21:31 23.08.2023
Kanadanın xarici işlər naziri Melani Jolinin erməni icmasının tədbirində çıxışı zamanı Azərbaycanın Qarabağ bölgəsinə istinadən ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı fikirlər səsləndirməsini qətiyyətlə pisləyirik. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. Bildirib ki, ilk dəfə deyil ki, Kanadanın xarici işlər naziri bölgədə separatçılığı və revanşist qüvvələri dəstəkləyən, ermənipərəst hisslərin açıq şəkildə ifadə olunduğu birtərəfli bəyanatlar səsləndirir. Kanada xarici işlər nazirinin Azərbaycan əleyhinə əsassız şəkildə bəyanatlar verməsi qarşı tərəfdən nümayiş etdirilən qərəzli yanaşmanın nümunəsidir. Bir daha, Kanada tərəfindən bu kimi təhrikedici addımlardan çəkinməyi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağı tələb edirik.Kanada həqiqətən də bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyirsə, o zaman beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun davranmalıdır. Bunun əksi bölgədə sülhün bərqərar olması prosesinə zərər verməkdən başqa bir şey deyil.