DAŞALTI ŞƏHİDLƏRİ 31 İLDƏN SONRA DƏFN EDİLDİ
Bölmə: Siyasət › ,Tarix: 21:44 23.08.2023
1-ci Qarabağ müharibəsində itkin düşən daha iki nəfərin nəşi bu gün torpağa tapşırıldı.Onlardan biri Bakıda, digəri Şamaxıda dəfn edilib. Və hər iki şəxs Şuşanın Daşaltı kəndində şəhid olub.
Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş vətəndaşlarımızdan biri də Abbasov Məhərrəm Abbas oğlu idi. Məhərrəm 1992-ci ildə yanvarın 26-da Şuşanın Daşaltı kəndində pusquya salınaraq şəhid edilib, 31 il sonra öz yaxınlarının doğmalarının iştirakı ilə torpağa tapşırılır.
Şəhid Məhərrəm Abbasov Bakının Nizami rayonu Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında son mənzilinə yola salınıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları, rayon sakinləri, qazilər və media nümayəndələri iştirak edib. Şəhid Məhərrəm Abbasovun qardaşı Barat Abbasov bu günü onlara yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür eləyir. “Düzdü, 32 ilə yaxındır, yenə də bu günə şükür edirik ki, cəsədi də olsa tapıldı. Bilirik ki, ziyarət yerimiz var”. Digər qardaşı Qazax Abasov da neçə ildir yollarda qalan gözlərinin artıq məzara dikələcəyi üçün xoşbəxt olduğunu deyir. Şəhid Məhərrəm Abbasovun oğlu İlkin isə şükür edir ki, dərdləşməyə, ağlamağa yerləri var artıq.
MAHMUD