Priqojinin ölümünə dünyanın reaksiyası necə olacaq?
Bölmə: Siyasət › ,Tarix: 21:06 24.08.2023
Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədəki sərnişinlər arasında Rusiyada "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin də olduğu müəyyən edilib. Verilən məlumata görə, təyyarə hava hücumundan müdafiə sistemi vasitəsilə açılan atəşdən vurulub. Bir çox ölkələrin diqqət mərkəzində olan bu hadisəyə qarşı dünyanın münasibəti necə olacaq? Növbəti siyasi gedişatlar necə olacaq? Bununla bağlı İnformator.az saytı olaraq, siyasi şərhçilərdən məsələ ilə bağlı açıqlamalar almışıq.
Politoloq Rizvan Hüseynov qeyd edir ki, Priqojinin ölümü təsdiqlənsə də, xüsusi orqanların siyasi arenada oyundan götürmək üçün şəxsin adını ölənlərin siyahısına salma kimi xüsusiyyəti var: "Ancaq bu məsələnin dünyaya heç bir təsiri olmayacaq. Dünya siyasətində Priqojin heç bir rola malik deyildi. Sadəcə olaraq, bəzi siyasi qrupların əlində bir alətə çevrilmişdi. Əsasən, Rusiya siyasətinə təsir etmək üçün bir alət kimi istifadə edilirdi".
Politoloq Zaur Məmmədov bildirib ki, bu məsələyə qarşı dünyanın heç bir ciddi reaksiyası olmayacaq: "Müxtəlif ölkələr Rusiyanı günahlandıracaqlar. Lakin bu siyahıya bir neçə ölkə daxil olacaq. Ümumilikdə, bu məsələ heç bir şəkildə Rusiyaya qarşı ciddi təsir göstərməyəcək".
Fatimə Mustafayeva