BELÇİKA XİN: AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNƏ HÖRMƏTLƏ YANAŞILMALIDIR

Bölmə: Siyasət › ,
Tarix: 23:19 24.08.2023

    Ermənistanın son təxribatları barədə Bakıda səfərdə olan Belçikanın xarici işlər naziri də məlumatlandırılıb. Nazir Hadca Labib deyib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Xarici işlər naziri Ceyhun Bayramov isə bildirib ki, Azərbaycan ərazisində üçtərəfli bəyanata zidd olaraq, hələ də qanunsuz silahlı birləşmələrin qalması bu sahədə ən böyük təhdiddir.  

  "Ölkələrin suverenliyinə hörmət dedikdə, ölkəmizə giriş-çıxış, o cümlədən humanitar təşkilatların fəaliyyətinin ölkənin qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tuturuq". Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə geniştərkibli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, Laçın buraxılış məntəqəsi heç bir məhdudiyyət olmadan fəaliyyət göstərir. Bu keçid məntəqəsini qurmaqla, Azərbaycan öz suveren hüquqlarından istifadə edərək qanunvericiliyin aliliyini təmin edib. Nazir Ermənistanın üzərinə götürdüyü öhtəlikləri yerinə yetirmədiyinə də diqqət çəkib. Ceyhun Bayramov həmçinin deyib ki, Ermənistan tərəfi humanitar yükün gətirilməsi məsələsində siyasi manipulyasiyalar xəttini tutub. Məqsədli şəkildə beynəlxalq humanitar təşkilatlar - ilk olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin həyata keçirdiyi məhdudiyyətlər, Azərbaycanın legitim olaraq təklif etdiyi Ağdam-Xankəndi yolunun bloklanması, onlara qarşı çıxması, yollara beton plitələrin düzülməsi tamamilə qəbuledilməzdir. Bayramov delimitasiya prosesinə başlamaqla bağlı ermənistanın yaratdığı manelərdən də danışıb. "30 ilə yaxın olan müddət ərzində iki qonşu ölkə arasında delimitasiya prosesinə başlamaq imkanları mövcud deyil. Bunun əsas səbəbi Ermənistanın işğalçı siyasəti və Azərbaycan ərazilərinin, o cümlədən 400 km-ə yaxın Azərbaycan Ermənistan sərhəddinin işğal altında saxlanması idi. Məhz 44 günlük Vətən Müharibəsi nəticəsində bu işğala son qoyulandan sonra artıq delimitasiya prosesinə start vermək imkanları yaranmışdı. Azərbaycan tərəfinin təşəbbüsü ilə 2022-ci ildə 2 dövlətin delimitasiya proseinin aparılması üçün müvafiq komissiyalar yaradılıb və bu istiqamətdə bir sıra görüşlər keçirilib". 

   Öz növbəsində Belçikanın xarici işlər naziri Hadca Labib də açıqlama verib. Deyib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. “Səfərimin səbəblərindən biri də Qarabağ regionundakı gərginliklə bağlıdır. Təşəkkür edirəm ki, siz öz fikirlərinizı bölüşdünüz. Biz bilirik ki, Siz Ermənistanla sülh əldə olunması üçün çox səy göstərirsiniz. Mən Ermənistan XİN rəhbərinə də dedim ki, indi dayanıqlı sülh əldə olunması üçün tarixi fürsət yaranıb. Təbii ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Hər iki ölkənin rəhbəri də bildirib ki, ərazi bütövlüyünə və suverenliyə hörmət vacibdir". Belçikalı nazir onu da vurğulayıb ki, maneələri aradan qaldırmaq və Azərbaycanla Ermənistan arasında dialoqu genişləndirmək lazımdır. "Bu, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün tarixi fürsətdir. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar aparılıb. Belçika Azərbaycanın bu məsələyə xüsusi diqqət yetirməsini yüksək qiymətləndirir". Belçikalı nazir Brüsselin sülhü təşviq etmək səylərini davam etdirəcəyini bildirib.