Ermənistan 26 Filiz yatağından zəhərli suları çaylara axıdır- Hasilat mədənlərinin kosmik monitorinqinə dair HESABAT
Bölmə: Siyasət › ,Tarix: 17:31 25.08.2023
Ermənistan ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabat hazırlanıb. Sənəddə ekoloji norma və standartlar gözlənilmədən aparılan dağ-mədən sənayesi işlərində ətraf mühitə ciddi zərər vurulması məsələləri önə çəkilib. Peyk vasitəsilə əldə edilən kosmik görüntülərdə Ermənistan ərazisində yerləşən 26 Filiz yatağından zəhərli suların çaylara axıdılması əks olunur.
Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusifova deyir ki, əldə olunan faktların qiymətləndirilməsi məqsədilə “Environmental Protection First” Koalsisiyası yaradılıb. Ermənistan dağ mədən sənayesinin ətraf mühitə təsirinin qiymətləndirilməsi yönündə monitorinqə başlanılıb. “Həmin hesabatlar, müraciərtlər beynəlxalq təşkilatlara, rəsmi dövlət qurumlarına, dünyanın böyük ekoloji təşkilatlarına, ətraf mühitin mühafizəsi ilə bağlı qurumlara ünvanlanacaq. Ermənistan bu fəaliyyəti ilə BMT-nin qərarlarını heçə sayır”.
Ekspert Telman Qasımovun sözlərinə görə isə, Ermənistanda mədən sənayesinə yatırılan investisiyaların həcmi artdıqca ekoloji vəziyyətin məhvi də sürətlənir. Son aktiv fəaliyyət göstərən Qafan, Arcut hasilat yataqları, Meqhasar, Azatek qızıl mədənləri, Armanis qızıl-polimetal mədəni, Qaraberd qızıl-gümüş mədəni çayların çirkləndirilməsində mühüm rol oynayır. “Azərbaycan dəfələrlə Ermənistana ekologiyaya vurulan zərərlə bağlı hesabat təqdim edib. Təəssüf ki, yenə də Ermənistanda əksəriyyətini xarici şirkətlərin istismar etdiyi 26-a yaxın dağ-mədən sənayesi fəaliyyətdədir”.
Milli Məclisin üzvü Sadiq Qurbanov mədən və emal zavodlarının fəaliyyəti zamanı çaylara axıdılan kimyəvi tərkibli suların canlı və bitkilər üçün böyük təhlükə mənbəyi olduğunu önə çəkir. “Bu yaxınlarda ekoaktivlərimiz Ermənistanda qanunsuz mədən sənayesinin fəaliyyətinin dondurulmasına nail oldular. Ermənistanın qanunsuz fəaliyyəti nəticəsində təkcə Azərbaycanın ərazisində deyil , region dövlətlərinin də su axarları çirkləndirilir. Belə olan halda “Ümumi torpaqlardan istifadə hüququnun” qanunlara əsasən idarəolunması vacibdir. Əks halda, bu, “hamı üçün faciə”yə çevriləcək”.
SONA