BMT-yə ciddi xələl gətirən addım
Bölmə: Siyasət › ,Tarix: 19:17 25.08.2023
Ermənistan rəhbərliyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı son məğlubiyyəti ilə barışmaq istəmir. Ötən həftə açıq şəkildə keçirilən BMT Təhlükəsizlik Şurasında iclasında istədiyinə nail ola bilməyən İrəvan Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizlincə iclas keçirib.
Təşkilat üzvlərinindən yalnız kiçik bir qrup diplomatların və qərəzli ekspertlərin dəvət aldığı toplantı otağının qapıları digər üzvlər üçün bağlı saxlanılıb. Hətta təşkilatın son yığıncağından sonra ədalətli müzakirələrdən yayınmaq və növbəti məğlubiyyətlə üzləşməmək üçün Ermənistanın Daimi Nümayəndəliyi iclas keçirilən otağın qarşısına mühafizəçi yerləşdirib. Təbii ki, İrəvanın bu addımları BMT-nin formalaşmış ənənələrinin kobud şəkildə pozulması deməkdir. Belə ki, beynəlxalq təşkilatda keçirilən ictimai müzakirələr, açıq formatda, üzv dövlətlərə tədbirin vaxtı və yeri barədə öncədən məlumat verilərək, dəvət olunmaqla keçirilir. Siyasi şərhçi Əli Zülfüqaroğlu deyir ki, Ermənistanın məkirli maraqları naminə həyata keçirilən bu cür qapalı iclaslar isə BMT-nin Nizamnaməsi ilə üst-üstə düşmür. Mövcud vəziyyəti şərh edən politoloqlar istər BMT, istərsə də digər təşkilatların artıq İrəvanın sui-istifadə platformasına çevrildiyi fikrindədirlər. “Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyinin təşəbbüsü ilə kiçik bir qrupu təmsil edən diplomatların, eyni zamanda qərəzli ekspertlərin dəvət ilə iclasın keçirilməsi BMT-nin ənənələrinə və nüfuzuna ciddi xələl gətirir. BMT daxil olmaqla biz əksər beynəlxalq təşkilatların istər müharibədən öncə, istərsə də sonra həddindən artıq qərəzinin şahidi olmuşuq. Lakin bizə qarşı olan bu qərəzli mövqeyləri birbaşa elə onların nüfuzuna zərər verir”.
Ermənistan və Fransanın son zamanlar intensivləşən təxribatları onların regionla bağlı məkrli siyasətlərinin bir hissəsidir. Artıq Qarabağ ermənilərinin etirazı ilə qarşılaşan rəsmi İrəvan və separatçılar Parisin dəstəyi ilə reintiqrasiya prosesini ləngitməyə çalışırlar. Lakin bu cür təxribatçı addımlar Ermənistana heç də yaxşı gələcək vəd etmir.
İSMAYIL