Labibin mövqeyi təmsil etdiyi ölkənin siyasətidir

Bölmə: Siyasət › ,
Tarix: 19:22 25.08.2023

  Belçikanın xarici işlər naziri Hadija Labibin Azərbaycana səfəri maraqla gözlənilirdi. Daha öncə Ermənistanda Bakı əleyhinə bəyanat verən diplomatın ölkəmizdə bu fikirlərinin arxasında dayanıb-dayanmayacağı sual doğururdu. Xanım nazir Ceyhun Bayramovla görüşündə İrəvandakı ritorikasından tamamilə fərqli mövqe sərgilədi.

  Xanım Labib Azərbaycana səfər etməzdən öncə Ermənistanda həmkarı Ararat Mirzoyan, eləcə də baş nazir Nikol Paşinyanla görüşmüşdü. O, İrəvanda olarkən qarabağlı ermənilərin üzləşdikləri çətinliklər barədə narahat olduğunu bildirmiş, mahiyyət etibarı ilə Azərbaycan əleyhinə olan bəyanat ilə ön plana çıxmışdı. Üstəlik Ararat Mirzoyanı arxayın etmişdi ki, bütün bu məsələləri azərbaycanlı həmkarı ilə müzakirə edəcək. Siyasi şərhçi Amid Əliyev deyir ki, İrəvanda olarkən Azərbaycanı ermənilərin şərtləri ilə sülh müqaviləsi imzalamağa çağıran diplomatın Bakıda tamamilə fərqli ritorika ilə çıxış etməsi Hadija Labibin ikili yanaşmasından xəbər verir. “Bu, sülh gündəliyinə ciddi ziyan verir. Belə pozucu fəaliyyətlə məşğul olmaqdansa sülhə dəstək vermək daha məqsədəuyğun olar”.

  Belçikalı nazirin belə ziddiyyətli davranışı həm də ondan xəbər verir ki, o, Azərbaycanla Ermənistan arasındakı problem barədə səthi biliyə sahibdir, proseslərin xronologiyasından, səbəblərindən və hazırkı gedişatdan xəbərsizdir. Amma xanım diplomatın bələd olmadığı məsələlərlə bağlı belə qətiyyətli fikir yürütməsi təəccüblü deyil. Labibin siyasi karyerası belə məqamlarla doludur. Belə nüanslardan biri onun 2021-ci ildə Ukraynanın suverenliyinə hörmətsizlik edərək Rusiyadan viza alaraq Krıma yollanmasıdır. Maraqlı məqam odur ki, diplomatın siyasi baxşılarında ciddi ziddiyyətlər var. O, Gürcüstanın ərazi bütövlüyünü tanıyır, yəni Tblisidə separatizmə qarşıdır, Kiyevdə isə bu meyillərə dəstək verir. Eyni zamanda, Labib Qərbin Rusiya vətəndaşlarına Şengen vizasının verilməməsi təşəbbüsünü də yolverilməz adlandırıb, nəticədə, avropalı həmkarları onu Moskvaya aşkar tərəfkeşlikdə ittiham ediblər. “Doğrudan da, belçikalı nazirin Kremlə xüsusi simpatiyası var. O, həm də Tehranın açıq dəstəkçisi qismində çıxış edir. Belə ki, İranda etirazçılar vəhşicəsinə təzyiqlərə məruz qalarkən Labib Belçikada keçirilən festivalda iştirak etmək üçün İranın 14 rəsmisinə viza verib. Yəni əvvəllər jurnalist olan xanım Belçikanın XİN başçısı postunda çalışdığı ilk gündən bəri eksentrik davranışı, islamofobiya həddinə çatan bəyanatları və bələd olmadığı mövzularda qəti fikir yürütmək vərdişi ilə ciddi rezonanslar doğurub, sərt tənqidlərin hədəfində olub”.

  Siyasi şərhçi Mübariz Göyüşlü deyir ki, Labibin mövqeyinin təmsil etdiyi ölkənin siyasəti olduğunu unutmamalıyıq. Belə ki, rəsmi Brüssel keçmiş Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllini dəstəklədiyini bildirsə də, heç vaxt İrəvana təzyiq göstərməyib. “Üçtərəfli Bəyanatın imzalanmasından sonra isə Belçika Xarici İşlər Nazirliyi ikili standartların məskən saldığı ATƏT-in Minsk Qrupunun fəaliyyətini bərpa etməyə çağıran gülməli şərh verib. 2020-ci ilin dekabrında isə Belçika Parlamenti Azərbaycanın döyüşlərə muzdlular cəlb etdiynə dair qətnamə qəbul edib, həmin kağız parçasında siyasi yalnışlara yol verib. Ekofəalların aksiyası və Laçın yolunda yaranmış vəziyyəti şərh edərkən də açıq-aşkar ermənipərəst mövqe tutub. Amma işğal dövründə, eləcə də post-müharibə mərhələsində 3-cü dövlətlərin mövqeyindən asılı olmayaq, rəsmi Bakı qalib tərəfdir və regionda öz milli maraqlarına uyğun fəaliyyət göstərəcək”.

JALƏ