PREZİDENT İLHAM ƏLİYEV KƏLBƏCƏR VƏ LAÇINDA OLUB
Bölmə: Siyasət › ,Tarix: 21:28 25.08.2023
Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərə səfər ediblər. Dövlət başçısı və xanımı Zar kəndinin və bir sıra mühüm əhəmiyyətə malik obyektin təməlqoyma mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərdə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər. Tərtər çayı üzərində yerləşən Kiçik Su Elektrik Stansiyasını “AzərEnerji” tamamilə yenidən qurub. Stansiya enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Stansiyada il ərzində 15,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. İlham Əliyev “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasını işə salıb. Daha sonra dövlət başçısı və xanımı “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar. Məlumat verilib ki, yeni tikiləcək “İstisu” zavodu 7,8 min kvadratmetr ərazini əhatə edəcək. Bərpa ediləcək “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq. Prezident eyni zamanda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib. Tərtər çayı üzərində yerləşən “Çıraq-1” 8,33 meqavat və Qaraarxac çayı üzərində olan “Çıraq-2” Kiçik Su Elektrik stansiyası 3,6 meqavat gücündədir. Hər iki stansiyada ümumilikdə il ərzində 35 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunacaq. Dövlət başçısı “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarını işə salıb. Prezident və xanımı Zar kəndinin təməlqoyma mərasimində də iştirak ediblər. Kənddə ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək.
Kəlbəcərdən sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunda səfərdə olublar. Dövlət başçısı rayonda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib. Prezident və xanımı Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Təməli 2021-ci ildə qoyulan Hava Limanının tikintisinin 2025-ci ildə tamamlanması planlaşdırılır. Dövlət başçısı Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olub. Səfər çərçivəsində Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub. Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.