XANKƏNDİDƏ NƏ BAŞ VERİR?
Bölmə: Siyasət › ,Tarix: 17:54 28.08.2023
"Paşinyanın dəstəyi ilə hakimiyyətə gələn Araik Arutyunyan da onunla eyni düşüncədədir" - Milli Məclisin üzvü Elşad Mirbəşiroğlu Xankədidə Qarabağ seperatçılarının başçısı Araik Arutyunyanın binasına edilən hücumla bağlı İnformator.az-a açıqlamasında belə deyib. "Ermənistanda olduğu kimi Xankəndidə də ermənilər arasında vəziyyət gərgindir. Bir qrup seperatçı orada yaşayan ermənilərin inteqrasiyasının qarşısını almaq üçün əllərindən gələni edirlər”. Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan qısa müddət ərzində işğaldan azad etdiyi ərazilərdəki böyük dəyişikliklərlə sübut etdi ki, Azərbaycan hər daim inkişaf edən dövlətdir. Ölkəmizdə hər xalqın nümayəndəsi tam təhlükəsiz şəkildə yaşayırlar. Bunun üçün hər şərait mövcuddur. “Xankəndidə isə Ermənistandan, Fransadan və ya digər Avropa ölkələrindən gələn təlimatlar əsasında seperatçılar özlərinin qeyri-konstruktiv mövqelərindən imtina etmək istəmirlər və Ermənistanda olduğu kimi Xankəndidə də maraq çəkişməsi mövcuddur və bu hal erməni cəmiyyəti üçün xarakterik haldır”.
Millət vəkili deyir ki, Ermənistanda Paşinyanın yarıtmaz, uğursuz fəaliyyəti cəmiyyətdə ciddi sosial-iqtisadi gərginliyi də şərtləndirib. Paşinyanın hakimiyyətə gəldiyi ilk dövrdə - 2018-ci ildə Azərbaycana qarşı sərt mövqe sərgiləməsi, yeni müharibə, yeni ərazi iddiası ilə bağlı açıq hədələr danışıqların limitini tükətdi. “Azərbaycan öz torpaqlarını azad etməklə Paşinyana yerini göstərdi. Paşinyanın dəstəyi ilə hakimiyyətə gələn Araik Arutyunyan da onunla eyni düşüncədədir. O da Azərbaycanın çağırışlarına lazımi reaksiyanı nümayiş etdirmir. Təbii ki, onun bu davranışları Xankəndidə də maraq toqquşmalarını dərinləşdirir. Biz bu gün ermənilərə çağırışlar edirik. Prezident İlham Əliyev qeyd edir ki, biz bu çağırışları da davamlı etməyəcəyik. Biz bu gün erməniləri reinteqrasiyaya dəvət edirik. Onlar buna razı olmayacaqlarsa, özlərinə başqa yaşayış yeri seçməlidirlər".
Nəzrin Mirzəyeva