"Ermənistanı dəstəkləməsi yalnız Fransanın ziyanına olacaq"- Siyasi ekspertlərdən PROQNOZ
Bölmə: Siyasət › ,Tarix: 14:09 30.08.2023
Son dövrdə Fransa diplomatik və təşkilati səviyyədə bütün resurslarını antiazərbaycan kampaniyası üçün cəmləşdirib. Yaxın günlərdə isə bu proses özünün kulminasiya nöqtəsinə çatacaq. Çünki rəsmi Paris indi də Avropa İttifaqında ölkəmiz əleyhinə qərarların çıxarılmasına çalışacaq. Bu addımın nəticəsiz qalacağı indidən bəllidir, hətta Makron hökuməti də bundan agahdır. Bəs onda Fransanın Azərbaycana qarşı kampaniya aparmasında əsas məqsədi nədir?
Fransa Prezidenti Emanuel Makron səfirlər konfransındakı çıxışında “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verib və bu istiqamətdə təzyiq dili ilə danışıb. Azərbaycan XİN bunun qəbuledilməz olduğunu bildirsə də, görünən odur ki, Paris Cənubi Qafqazdakı pozucu siyasətinin təsir dairəsini genişləndirməkdə qərarlıdır. Belə ki, Fransa indi də avqustun 30-31-i tarixlərində keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin toplantısında Azərbaycana qarşı tədbirlərin qəbulu təşəbbüsü ilə çıxış etməyi planlaşdırır. İndiki mərhələdə bu planın nəticə verəcəyi düşünülmür. Çünki hazırda ölkəmiz qoca qitənin enerji siyasətində əhəmiyyətli rol oynayır. Mərkəzi Asiyadakı 100 milyard avroluq potensial marağı Fransanın şıltaqlığı üzündən riskə atmaq Avropaya baha başa gələ bilər. Siyasi şərhçi Yeganə Hacıyevanın sözlərinə görə, eyni zamanda, ittifaqda söz haqqına sahib ölkələrin sırasında Azərbayacanın tərəfdaşları da var, məsələn Balkan dövlətləri Fransanın qərəzli təkliflərini asanlıqla rədd edə bilər. “Ermənistan və havadarları bizə qarşı kampaniya aparır. Amma bunlar uğurlu olmayacaq. Çünki bu təşəbbüslər beynəlxalq hüququn əleyhinədir və domino effekti verəcək. Ona görə Aİ təsisatlarnda Fransanın uğuru olmayacaq”.
Əslində, Makron Administrasiyası da səylərinin nəticəsiz qalacağını bilir, amma Azərbaycana qarşı təzyiq mexanizmi yaratmaqla öz məqsədinə çatmağı hədəfləyir. Fransa indi özünün liderliyilə Avropanın müstəqil siyasətini nümayiş etdirmək, qərbin Vaşinqton mərkəzli siyasətinə Ermənistanın simasında alternativ təklif etmək istəyir. Bunun üçün də əvvəlcə İrəvanın maraqlarından çıxış edir. Təsadüfi deyil ki, Avropa ölkələrinin XİN başçılarının görüşünə paralel dövrdə Fransa Azərbaycan-Ermənistan şərti sərhədinə növbəti yük maşınları karvanı da göndərəcək. Bu kimi addımlar İrəvanı Parisin dostluğuna inandırmağa hesablanıb və görünür, bu plan baş tutub.
Fransa Ermənistanı müdafiə etməklə həm də daxili siyasətində dividentlər qazanmağı hədəfləyir. Çünki Yelisey sarayı bilir ki, bu yolla erməni diasporu və millətçi qrupların dəstəyini arxasına ala bilər. Siyasi şərhçi Turan Rzayev düşünür ki, rəsmi Paris həm də Afrikadakı uğursuzluqları fonunda itirilən nüfuzunu Cənubi Qafqazda kompensasiya etmək istəyir. “Fransa keçmiş müstəmləkələrini, nüfuz dairəsindəki əraziləri itirir. Bu sürətli itki fonunda onun Cənubi Qafqaza maraq göstərməsi, Ermənistanı dəstəkləməsi yalnız Fransanın ziyanına olacaq. Hesab edirəm ki, Azərbaycan da Qərbi Afrika ölkələri ilə təmaslarını davam etdirməli, Fransaın tarixi səhvlərini üzünə vurmalıdır”.
Xüsusilə, Rəsmi Bakı Yeni Kaledoniya məsələsində bu mövqeyi sərgiləyir. Amma Fransanın Cənubi Qafqaza müdaxilə cəhdlərinə cavab olaraq Azərbaycan Korsika icmasına da öz müqəddaratını həll etmək kontekstində dəstək verməlidir.
JALƏ