FRANSADAN AZƏRBAYCANA NÖVBƏTİ TƏXRİBAT
Bölmə: Siyasət › ,Tarix: 18:24 30.08.2023
Ermənistanın havadarı Fransa tərəfi "humanitar yük"adı altında 10 avtomobildən ibarət tır karvanını Laçın sərhəd-buraxılış məntəqəsi yaxınlığına göndərib. Bu tırlar da iyulun 26-dan orada dayanan digər 22 tıra qoşulub. Fransanın məqsədi nədir?
"Vətən müharibəsi dövründə baş verənlər, o cümlədən postmünaqişə periodunda müşahidələr göstərdi ki, regionda 30 illik işğal və çoxsaylı cinayətlərin təməlində dayanan əsas səbəblərdən biri Fransa olub". Milli Məclisinin üzvü Bəhruz Məhərrəmov İnformator.az-a açıqlamasında belə deyib. Bildirib ki, Fransa açıq formada 30 il işğal status-kvosunun qorunması üçün ciddi səylər göstərərək Azərbaycanı bu qəbuledilməz və təhqiramiz reallıqla barışmağa çağırıb. Vətən Müharibəsi dövründə beynəlxalq hüququn prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və Azərbaycanın suveren haqlarını rəhbər tutaraq torpaqlarımızı hərbi-siyasi yolla azad edərkən isə Fransa açıq formada qarşımızda dayanıb. "Prezident İlham Əliyev istər hərb meydanında, istərsə də qlobal platformalarda - masada İrəvanla bərabər, Fransanı da, sözün əsl mənasında məğlub edib yerinə oturtdu. Lakin görünən odur ki, Fransa nə Qafqazda, nə BMT Təhlükəsizlik Şurasında ardıcıl məğlubiyyətləri ilə barışa bilir və bütün mümkün imkanlarda Azərbaycan əleyhinə fəaliyyət sərgiləyir. Bu mənada sonuncu təxribat – “humanitar fəlakət” şousu Fransa üçün yaxşı fürsət oldu".
Milli Məclisin üzvü deyir ki, prezident İlham Əliyevin beynəlxalq hüququ rəhbər tutan qətiyyətli mövqeyi ilə həm hüquq müstəvisində - Beynəlxalq Ədalət Məhkəməsində, həm də diplomatik platformalarda, ələxsus BMT Təhlükəsizlik Şurasında bu məsələyə dair üstünlüyü ələ alması Fransanı “ayı üsuluna” əl atmağa vadar edib. "Məlumdur ki, Fransa Paris və Marsel şəhərinin merlərinin başçılığı altında İrəvandan Qarabağa yeni TIR-lar yola salmaqla humanitar niyyət adı altında Azərbaycanı növbəti dəfə fakt qarşısında qoymağa cəhd etməkdədir. Amma Fransa bilməlidir ki, rəsmi Bakı Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirilməsini siyasi möhtəkirlik hesab edir. Cənab İlham Əliyevin Fransa Prezidenti ilə telefon danışığında da ifadə edildiyi kimi “Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər”.
Millət vəkili qeyd edir ki, Azərbaycan Prezidenti ilə telefon danışığında Emmanuel Makronun “vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu” bildirməsi fonunda İrəvandan fransız TIR karvanının Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində yola salınması Fransanın nə qədər riyakar, sülh və təhlükəsizlik üçün təhlükə yaradan və ən əsası, son nəticədə elə erməniləri məhvə sürükləyən qeyri-mənəvi dəyərlərə söykənən beynəlxalq subyekt olduğunu göstərir. "Azərbaycan Prezidentinin sonuncu dəfə Laçından da ifadə etdiyi kimi, kimsə bizim iradəmizə təsir edə bilməz, bizim mövqeyimiz dəyişməzdir. O cümlədən də bu gün İrəvandan öz aləmlərində Qarabağa yola salınan 10 Fransa TIR-ı heç nəyi dəyişə bilməz. Parisin, Marselin merlərinin də qatıldığı təxribat karvanı yalnız və yalnız Laçın sərhəd-buraxılış məntəqəsi qarşısında düzülən əvvəlki 21 ədən TIR-ın cərgəsinə qoşularaq sıranı uzatmaqla vizual dəyişiklikdən başqa heç bir nəticəyə gətirib çıxarmayacaq".
Politoloq Anar Əliyev də hesab edir ki, Ermənistan və onun havadarı Fransa Laçın sərhəd-buraxılış məntəqəsi ətrafında vəziyyətin suni şəkildə gərginləşdirilməsi, "humanitar böhran" görüntüsü yaratmağa çalışır. "Bunun üçün artıq 1 aydan çoxdur ki, Ermənistandan "humanitar yük" adı altında bir neçə avtomobil Azərbaycan sərhədinə gətirilib və orada görüntü üçün saxlanılır,dünya ictimaiyyətinə təqdim olunur. Fransa bu şouya ciddi cəhdlərlə qatılır, müxtəlif variantlarla Azərbaycana ciddi beynəlxalq təzyiq kampaniyası formalaşdırmağa çalışır". Politoloqun sözlərinə görə, Beynəlxalq Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsü ilə Azərbaycana qarşı ciddi müzakirələr aparılır, lakin müsbət haldır ki, heç bir qərar verilmir, Laçın sərhəd-buraxılış məntəqəsinin təsis olunması Azərbaycanın daxili işi kimi qiymətləndirilir. "Bu hal Ermənistan və onun havadarı Fransanı narahat edir. Bundan sonra Fransa tərəfi sakitləşmək,beynəlxalq hüququn prinsiplərinə əməl etmək əvəzinə özünün təxribat xarakterli addımlarını davam etdirir. "Düşünürəm ki, Fransanın təşəbbüsü ilə Paris, Marsel və digər şəhərlərin merlərinin müşayiəti ilə İrəvana, oradan isə Laçın sərhəd-buraxılış məntəqəsi yaxınlığına "humanitar yük" karvanını göndərilməsi Fransanın beynəlxalq hüquq prinsipini açıq şəkildə pozması, özünü beynəlxalq hüquqdan daha üstün tutması, Azərbaycanın daxili işlərinə müdaxilə sayılan addımlar atmağa hazır olduğunu nümayiş etdirir. Bütün bunlarla Fransa bölgədə sülh istəmədiyini, Ermənistan Azərbaycan arasında münasibətləri gərginləşdirməyə,özünün imperialist maraqlarını gerçəkləşdirməyə çalışır. Bu təzyiq kampaniyalarının heç bir real, effektiv nəticəsi olmayacaq".
Nəzrin Mirzəyeva