"Səfirliklərimizə qarşı hücumlar gözlənilir"- Millət vəkili Fazil Mustafadan AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 20:19 31.08.2023
Livanda aksiya keçirən 50-ə yaxın erməni səfirliyimizin binasına hücum edib. Onlar binanın hasarına zərbələr endirib, boya, partlayıcıyla bağlı şüşələri səfirliyin binasına atıblar. Hücum zamanı səfirliyin heyəti xəsarət almayıb.
Milli Məclisinin üzvü Fazil Mustafa İnformator.az.a açıqlamasında bildirib ki, bu hadisə terrorçu erməni simasının Livanda üzə çıxmasıdır. Millət vəkili Livan polisinin hücuma müdaxilə etməməsindən təəssüf edib. "Kadrlardan da görünür ki, vəhşi ermənilər bütün etik-beynəlxalq normaları pozaraq, daş, müxtəlif alətlər ataraq, səfirliyimizə hücum ediblər. Burada başqa görünən hal da odur ki, Livan polisi hadisə zamanı heç bir reaksiya göstərmir və ola bilməz ki, onların bu barədə heç bir məlumatı olmasın. Düşünürəm ki, bu, Livanın Azərbaycana qarşı münasibətini pozan davranışdır və Azərbaycan belə səssizliyi heç bir dövlətə bağışlaya bilməz. Əgər bizimlə normal münasibət qurmaq istəyirlərsə, belə hərəkətlərin qarşısını almalıdırlar və hesab edirəm ki, Azərbaycanın bu vandalizmə reaksiyası sərt olacaq”.
Fazil Mustafa bu insidentlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmağın vacibliyini önə çəkib. “Çünki bu davamlı prosesdir. Digər ölkələrdə olan səfirliklərimizə qarşı da belə hadisələrin yönələcəyi gözlənilir, lakin biz öncədən tədbirlərimizi almalıyıq. Xüsusilə, xaricdə olan diplomatik korpusumuzun təhlükəsizliyi məsələsini bütün variantlarda həll etməliyik".
Qeyd edək ki, cinayətkarların aşkarlanması, həbs olunması ilə bağlı Livanın Xarici İşlər Nazirliyinə nota göndərilib.
Nəzrin Mirzəyeva